YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN: Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır

“Bu il oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılmış və atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilmişdir. Noyabrın 12-də son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus Mi-24 tipli iki helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutmuşdur. Cavab atəşi ilə helikopterlərdən biri vurulmuş, digəri isə atəş zonasını tərk etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan etmiş və müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırmışdır. Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır.” Bu sətirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında öz əksini tapıb.

Bəyanatda qyd olunur ki, Paris görüşünün nəticəsi olaraq, böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədini daşıyır. Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.