YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN: Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anneksiya siyasəti apardığını etiraf edir

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına Ermənistan Xarici İşlər Nazirliyi kifayət qədər xaotik və məntiqi izahı olmayan cavab verib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi Ermənistan XİN-in bu cavabını şərh edib.

Şərhdə deyilir: “Hesab edirik ki, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən bir ölkənin Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektləri sırasında ən sonuncudur.

Üstəlik, Ermənistan XİN Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün “birlik, həmrəylik, inkişaf və tərəqqi” mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir.

Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti bütünlüklə Ermənistanın üzərinə düşür. Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli kifayət qədər aydın bəyanatında məhz bu fikirlər qeyd edilir.