YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbirdə 800-dən çox yəhudi iştirak edib. Sinaqoqun dəvəti ilə Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. Bu barədə Baş Konsulluqdan məlumat verilib.

Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının çox təqdirəlayiq hal olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarixboyu, nə də bu gün hər hansı anti-semitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti, multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib. O, xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirildiyini söyləyən diplomat, Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Bundan başqa, N.Ağayev Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Los-Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.