YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Bayramov: Aparılan islahatlar nəticəsində mədəni irsimizin təbliği istiqamətində yeni uğurlara imza atılacaq

“Cari ilin arxada qoyduğumuz birinci yarısı Mədəniyyət Nazirliyinin təşkilatçısı olduğu və dəstək verdiyi maraqlı layihələrlə zəngin olub. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin, festivalların təşkilində nazirlik fəal iştirak edib. Həmçinin nazirlik sistemində aparılan islahatlar davam etdirilib”. Bu fikirləri mədəniyyət nazirinin müavini Rafiq Bayramov deyib.

R.Bayramov bildirib ki, Mədəniyyət Nazirliyi ölkəmizdə keçirilən mədəni tədbirlərin, festivalların əsas təşkilatçısı qismində çıxış edir. Bu işdə nazirliyin regional idarələri, şəhər və rayonlardakı musiqi, rəqs, folklor kollektivləri fəallıq göstərir. Nazir müavini  bu mənada nazirliyin təşəbbüsü ilə artıq ikinci dəfə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əhəmiyyətini xüsusi vurğulayıb: “Bu ilin mart-may aylarında ölkəmizdə geniş əks-səda doğuran “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalını keçirdik. Nazirliyin regional idarələrinin iştirakı ilə gerçəkləşən festival proqramında ümumilikdə 65 şəhər və rayon iştirak edirdi. Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış etdi, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olundu. Bu tədbirlərdə nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları, orada nümayiş etdirilən mədəni zənginliyimiz yerli sakinlər və ölkəmizə gələn qonaqlar tərəfindən maraqla qarşılandı. Yerli icra orqanlarının da dəstəyi ilə reallaşan layihə ölkəmizin bütün regionlarını əhatə etməklə onların tarixi-mədəni zənginliyi və sənətkarlıq irsi ilə bir festival meydançasında tanış olmaq imkanı yaratdı”.

Ölkəmizdə yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı da böyük maraq doğurub. Rafiq Bayramov qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstək verdiyi tədbirin gerçəkləşməsində Şəmkir Regional Mədəniyyət İdarəsi, bölgələrimizin musiqi və folklor kollektivləri yaxından iştirak edib. Festival müddətində ölkəmizdəki tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanıb.

Rafiq Bayramov ölkədə kitabxana, mədəniyyət evləri, mərkəzlər, qalereyalar və klubların idarə olunması istiqamətində həyata keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.

Nazir müavini onu da vurğulayıb ki, aparılan islahatlar nəticəsində ölkəmizin mədəniyyət sahəsinin idarə olunması, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması və mədəni irsimizin təbliği istiqamətində yeni uğurlara imza atılacaq.