YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq

Jalə Əliyeva
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini,
Bakı Dövlət Universitetinin professoru

 

Bu gün dünyanın, bəşər övladının hava, su, qida, təhlükəsiz yaşam kimi vacib tələbatları, ehtiyacları qədər mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa da böyük ehtiyacı, tələbatı var...

Bu gün dünyanın, kürreyi-ərzin, insan övladının bəlkə də ən vacib ehtiyacları, tələbatları onların mərhəmətə, insanpərvərliyə,  xeyirxahlığa olan aclığıdır...

Az qala hər daşından, hər divarından qanlı göz yaşları axan dünyanın, Yer üzünün, insanlığın  mərhəmətə, rəhmə, xeyirxahlığa tarix boyu bəlkə də indiki qədər ehtiyacı, tələbatı olmayıb...

Qan axıtmaqdan gözləri doymayan, dünyanı öz izzəti-nəfisləri naminə bölüb-parçalamaqdan, insanlığı heçə saymaqdan yorulmayan, usanmayan bəzi acgöz, qəddar siyasətçilərin və liderlərin bitib-tükənmək bilməyən və sonu görünməyən dəhşətli əməlləri üzündən bəşəriyyət bu gün bu qədər mərhəmətə, şəfqətə, xeyirxahlığa möhtac duruma düşüb...

Bəlkə də dünyada işlər nisbətən yolunda, qayasında, nizamında getsəydi, mərhəmətə və xeyirxahlığa da bu qədər ehtiyac hiss edilməzdi...

Amma və lakin...göz yaşları durmaq bilməyən, qanlı yaraları qaysaq bağlamayan dünyamızın, insanlığın müvəqqəti də olsa yarasına məlhəm olmaq, göz yaşlarını silmək üçün rəhm, mərhəmət, xeyirxahlıqdır əlacı, dərmanı...

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü -

Deyə bundan az qala 100 il əvvəl söyləmişdi, hayqırmışdı böyük ustad Hüseyn Cavid...

Amma təəssüflər və əfsuslar olsun ki, dəyişən heç nə yoxdur...

Bu qos-qoca dünyada hələ ki, tökülən günashsız qanları, sel kimi axıb gedən göz yaşlarını durduran yoxdur, varsa da, olubsa da, imkan verilməyib...

Çünki göz yaşları, axıdılan qanlar çoxunun xeyrinə, marağındadır...

Amma istisnalar da yox deyil, lokal səviyyədə olsa da...

Məhz 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı ilə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqını vətəndaş qırğınından, qan-qadadan, ölkəni məhv olmaqdan, dünya xəritəsindən silinməkdən xilas etdi. Məhz onun böyük iradəsi sayəsində 1994-ci ilin mayında atəşkəs sazişi imzalandı, xəyanətkar qonşularımız və onların gizli-açıq havadarları tərəfindən başladılan Qarabağ fintəkarlığı nəticəsində insanlarımızın günahsız yerə qanının axıdılmasına, gənclərimizin, əsgərlərimizin şəhid olmasına müvəqqəti də olsa  ara verildi...

Bu, böyük, tarixi və şərəfli bir missiya idi... Və bu müqəddəs missiyaya Ulu Öndərimiz öz silinməz imzasını atdı...

Deyirlər hər bir güclü kişinin arxasında mütləq bir ağıllı, bacarıqlı qadın-ömür-gün yoldaşı dayanır...

Bu deyim heç də əsassız deyil, təsadüfən deyilməyib, tam gerçəklik və həqiqəti əks etdirir...

Bu deyimin elə öz tariximizdə, ədəbiyyatımızda-dastanlarımızda yetərincə nümunələri var...

Qoc Koroğlunun Nigarı, Qazan xanın Burlaxatunu, Qaçaq Nəbinin Həcəri və sair və ilaxır...

Bu deyimi elə müasir dövrümüzdə də həqiqət edən  nümunələri mövcuddur...

Ulu öndərimizin həyat yoldaşı Zərifə xanım, ölkə rəhbəri cənab İlham Əliyevin ömür-gün yoldaşı-əzizimiz, dəyərlimiz Mehriban xanım...

O Mehriban xanım ki, nəinki xalqının, millətinin, bütün dünyanın mərhəmət, şəfqət, xeyirxahlıq mücəssiməsidir...

O Mehriban xanım ki, təmənnasız əməlləri, xoşməramlı addımları ilə kimsəsizlərin arxa-dayağı, ehtiyaca, yardıma möhtac olanların anası, bacısı, xeyirxahlıq mələyidir...

O Mehriban xanım ki, əyninə qara paltar geyib, başına qara yaylıq bağlayıb, Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb, onların yaralarına sığal çəkib, ürəyinin istisi ilə ovudub...  

O Mehriban xanım ki, igid vətən oğulları, Aprel qaziləri, əlil, ömürlük şikəst olan qəhrəmanlarımızla qol-boyun olub, onlara, ana, bacı nəvazişini göstərib...

Və o görüşlərdə çəkilən şəkillərdən, o fotolardan boylanan gözlərin, baxışların arxasında bu oğulların, igidlərimizin, şəhidlərimizin sayəsində Azərbaycanın uğurlu, təhlükəsiz gələcəyinə, inkişafına dərin ümid, inam parlayıb...

Budur Mehriban Əliyeva ucalığı, budur Mehriban Əliyeva şəfqəti, budur Mehriban Əliyeva əzəməti, budur Mehriban Əliyeva zirvəsi...

Bu, heç də hər kəsə nəsib, qismət, xas olan keyfiyyətlər, dəyərlər, zirvələr, fəthlər deyil...

Bu, yalnız Mehriban xanım kimi, böyük ürək və təmənnasız əməllər, addımlar sahibi olan insanlara xas olan keyfiyyətlər, dəyərlər, ucalıqlardır...

Bu Ucalıqda həm də bir saflıq, bir sadəlik, bir zəriflik var...

Məşhur atalar məsəlimizdə də deyildiyi kimi, ağac bar verdikcə, başını aşağı salar...

Mehriban xanım da məhz belədir-Ucalıqdıqca, o Ucalıqdan kiməsə əda, təkəbbürlə yanaşmır, əksinə, Ucaldıqca daha da sadələşir, daha da saflaşır, daha da yaxın və hər kəsə əlçatan olur...

Bunun ozü də bir hikmətdir, bir qüdrətdir...

Mehriban xanımın həyatı, fəaliyyəti elə bir dəryadır, elə bir sonsuz ümmandır ki, onun haqqında saatlarla, günlərlə, həftələrlə deyil, aylarla, illərlə danışıb qurtarmaq mümkün deyil...Buna kəlmələr, sözlər, qat-qat, cild-cild kitablar belə  yetməz, bəs etməz... Bu, heç də bəlağət, pafos deyil...Bu, gerçəklik və reallığın özüdür...

Təkcə bircə fakt yetər ki, bu mənzərini tamamlamış, nöqtəsini qoymuş olsun...

Təxminən 14 il öncə qardaş və dost, müstəqilliyimizi tanıyan ilk üç ölkədən biri olan Pakistanda böyük humanitar faciə, zəlzələ yaşanmışdı... Böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü... Bu zaman ilk yardım və kömək əlini uzadan isə Mehriban xanım olmuşdu rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə... Məhz Mehriban xanımın təşəbbüsü ilə Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmiş, həmçinin, Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi mümkünləşdirilmişdi... 

Xanım Mehriban Əliyevanın bu misilsiz addımı, ötən əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğularından biri, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin  Pakistana öz xeyirxahlıq, insanpərvərlik əlini uzatdığı günləri xatırlatdı... Dəyərli və əvəzsiz Mehriban xanım Əliyeva bu missiyası ilə bir daha Azərbaycanın daim öz ənənələrinə sadiqliyini, varisliyə münasibətini ortaya qoymuş oldu... Belə ki, ötən əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılaraq, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərmiş, bununla da pandemiyanın qarşısı alınmışdı...

Təxminən bir əsr sonra Azərbaycanlı bir xanımın-öz varlığında xarici gözəlliklə daxili zənginliyin vəhdətini birləşdirən, müasir qadınlığın meyarına çevrilən Mehriban Əliyeva bununla  həm də bir varislik nümunəsi, keçmişimizə, Hacı Zeynalabdin irsinə ehtiramını ortaya qoymuş oldu...

Elə bilirəm ki, elə təkcə bu faktdan sonra hansısa dağa bələdçilik etməyə  elə bir ehtiyac qalmır və qalmayacaq...

Hər şey gün kimi açıq-aydın görünür...

Bu yerdə Cavid əfəndinin daha bir ölməz beytini xatırlamadan, yada salmadan ötüşmək, yan keçmək olmur:

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

Bəli, məhvə sürüklənən bəşəriyyət yox olmaqdan, uçurumdan məhz Mehriban xanım kimi qadınların, xanımların, siyasi liderlərin sayəsində qurtulacaq, yüksələcək...

Bir də deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Amma bizcə dünyanı gözəlliklə birlikdə,  Mərhəmət xilas edəcək. Gözəlliyi  və Mərhəməti bütünləşdirən, Mehriban Əliyeva kimi mətin, iradəli, qorxmaz, cəsur, məğrur, qətiyyətli xanımlar...

Qarşıdan bu məğrur, bu cəsur, mayası, xəmiri halalıqla, məhəmət və şəfqətlə yoğrulmuş  Azərbaycan qızının, əzizimiz, dəyərlimiz Mehriban xanımın həm də  növbəti doğum günü gəlir...

Doğum günü hər bir insanın həyatında ən yaddaqlan, ən əlamətdar günlərdəndir... Bu günü yaddaqalan, əlamətdar edən isə birinci növbədə həmin İnsanın özüdür, Onun müqəddəs əməlləri, ölçüyəgəlməz yaxşılıqlarıdır!

Odur ki, bu əlamətdar gün-doğum günü ilə bağlı Mehriban xanımı ürəkdən, səmimi qəlbdən təbrik edir, ona can sağlığı, sevinc dolu uzun ömür, işlərində, siyasi-ictimai fəaliyyətində yeni uğurlr, ailə həyatında daim xoşbəxtlik və səadət arzu edirik...

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizimsiniz, bizimləsiniz, dəyərlimiz, əzizimiz  Mehriban xanım!

Azərbaycan naminə gecə-gündüz bilmədən, yorulmadan çalışan, hər bir Azərbaycanlıya yaxşı Prezident olmağı bacaran, bütöv bir xalqın sevimlisi olan cənab İlham Əliyevlə birlikdə, əl-ələ, çiyin-çiyinə getdiyiniz müqəddəs yolda  daim Qələbələr, Zəfərlər, Zirvələr qismətiniz olsun!

DİGƏR Xəbərlər Arxiv