YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Türkiyənin Sahil mühafizələri arasında İşçi Protokolu imzalanıb

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə Türkiyə Respublikasının müvafiq qurumları arasında ikitərəfli əlaqələr uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin dəvəti ilə sentyabrın 2-də Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı, kontr-admiral Ahmet Kendirin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sentyabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə sahil mühafizəsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində qonaqlar DSX Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olub, aidiyyəti bölmələrin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Türkiyə nümayəndələri müsbət təcrübə mübadiləsini aparıb, gələcək əlaqələrin perspektivlərini müzakirə edib və sahil mühafizəsi bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər. Görüşün nəticələrinə dair nümayəndə heyətlərinin İşçi Protokolu imzalanıb.

Qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, həmçinin Heydər Əliyev Mərkəzi, Bakı şəhərinin mədəni-tarixi abidələri və Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən Siyasi repressiya qurbanları muzeyi ilə tanış olublar.