YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

Sentyabrın 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə  Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Qaradağ rayonu Heydər Əliyev Mərkəzində  keçirilən müşavirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.

Əli Əhmədov bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir. Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalanır. Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib.
Əli Əhmədov həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib. Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir. Onun sözlərinə görə, xaricdə özünü mühacir adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar.

YAP Sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.

Müşavirədə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədar ərazi ilk partiya təşkilatı sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verib.

Müşavirədə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov iştirak edib.