YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.
Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd etmişdir ki, görüşlərimiz müntəzəm xarakter alır, Bakıda və Azərbaycanın digər yerlərində tez-tez görüşürük. Həm də əlbəttə ki, dini dözümlülük, tolerantlıq məsələlərini müzakirə edən beynəlxalq konfransda iştirak edirsiniz: “Bu, bizim regionumuzda, bütövlükdə dünyada, Yaxın Şərqdə və Avropada hazırda çox mühüm mövzudur. Azərbaycan öz tərəfindən müxtəlif dinlərin nümayəndələri və xalqlar arasında daha çox anlaşma olması üçün səy göstərir. Biz müntəzəm tədbirlər keçiririk. Dini həmrəylik və tolerantlıq mövzusunda dörd dəfə Beynəlxalq Humanitar Forum keçirmişik. Bu, əsas mövzudur. İki dəfə Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq konfrans keçirmişik. Həmçinin Bakıda dünya dinləri rəhbərlərinin Sammitini keçirmişik. Yəni, tarixi, coğrafi mövqeyi və bugünkü reallıqlar nəzərə alınmaqla Azərbaycan bu istiqamətdə mühüm rol oynayır.”
Prezident İlham Əliyev bildirmişdir ki, bizi təhlükəsizlik, sülh məsələləri birləşdirir. Qafqazda bunlar bizim ümumi mövzularımızdır. Qafqaz bizim ümumi evimizdir. Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır. Dini liderlərin rolu gənc nəslin bizim ənənələrimiz və əməkdaşlıq ruhunda tərbiyəsi baxımından, eləcə də ağsaqqalların, dini rəhbərlərin tövsiyələrinin mötəbər sayılması cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Biz də bu ənənələri qoruyub saxlamalı və möhkəmləndirməliyik. Bizim respublikaların gəncləri dini, milli ənənələrimiz ruhunda böyüməlidirlər. Bizim ənənələrimiz xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır. İslam sülh dinidir. Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək, İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sülhün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir. Buna görə də bu konfrans baxışlarımızı, mövqeyimizi, nöqteyi-nəzərimizi, dini dəyərlərimizi geniş dünya ictimaiyyətinə çatdırmaq və qarşılıqlı anlaşmanın, hörmətin olması üçün daha bir imkandır. O zaman dünya daha təhlükəsiz olar.
Qarşılıqlı hörmət, beynəlxalq hüquq, ədalət, dini dəyərlər dünyanın müsbət istiqamətdə inkişafı üçün mühüm təməldir. Təəssüf ki, biz bunun əksini görürük. Qafqazda həm təhlükəsizliyi, həm əməkdaşlığı, həm də inkişafı birgə səylərlə möhkəmləndirəcəyik. Bir daha sizi səmimi qəlbdən salamlayıram. Ümid edirəm ki, sizin bu konfransda iştirakınız xoş və faydalı olacaq.
Görüşdə Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev,  Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev çıxış etmişlər.
Sonra Rusiya Federasiyası Şimali Osetiya – Alaniya Respublikasının müftisi Hacımurat Qatsalov respublika başçısının xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.