YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari ilin doqquz ayı ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, hesabat dövründə müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların və ön xətt bölmələrinin döyüş qabiliyyəti artıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.

General-leytenant K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə və hərbi-təhsil müəssisələrində, xüsusilə də ön xətt bölmələrində böyük həcmdə quruculuq, o cümlədən təmir-bərpa işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdikləri kollegiya iclasına yekun vuran Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin nəticələrini təhlil edib. Nazir bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər. General-polkovnik Zakir Həsənov təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini deyib.

Nazir komandanlığın qoşunları idarəetmə bacarığı və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirilib.

General-polkovnik Z.Həsənov keçirilən genişmiqyaslı təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.