YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir

“Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Biz hamımız yaxşı xatırlayırıq ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. 1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi böhran bürümüşdü - siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi”. Bu fikirləri Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə nitqi zamanı səsləndirib.

Prezident İlham Əliyev bildiri: “Azərbaycan xalqı özünə xas müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. O gündən bu günə qədər Azərbaycan sabitlik dövrü yaşayır, Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. O vaxt iqtisadi və siyasi sahədə yaşanan böhran böyük təhlükə mənbəyi idi. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. Vətəndaş müharibəsinə son qoyuldu, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, ölkədə qayda-qanun yaradıldı. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin kontraktı”nın imzalanması bu addımlar sırasında xüsusi yer tutur”.

““Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur” – deylə Prezident İlham Əliyev bildirmişdir.