YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi nəzərdə tutulur

Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi nəzərdə tutulur.
Bu barədə Milli Məclisin regional məsələlər komitəsinin noyabrın 18-də keçirilən iclasında məlumat verilib.
Komitə sədri Arif Rəhimzadə iclasın gündəliyinə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə danışıb. Bildirilib ki, sənədə əsasən Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Həmçinin Göynük və Nəhəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilir. A.Rəhimzadə qeyd edib ki, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 hektar torpaq sahəsi də bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilir.
Qanun layihəsini müzakirə edən komitə üzvləri təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu kəndlər daha çox Babək rayonuna yaxındır. Ona görə də bu dəyişikliklər kənd əhalisinin rayon mərkəzinə gediş-gəlişini yaxşılaşdırmaqla yanaşı, bu ərazilərdə iqtisadiyyatın inkişafına, sosial həyatın yaxşılaşmasına şərait yaradacaq. Qeyd olunub ki, sözügedən təkliflər bu kəndlərdə idarəetməni də asanlaşdıracaq.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.