YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Ümumdünya Uşaqlar Gününə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Noyabrın 20-dən 22-dək Bakıda, Heydər Əliyev Mərkəzində “Anadangəlmə ürək xəstəliklərində yeniliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
“Uşaq ürəkləri Azərbaycanda döyünür” şüarı ilə təşkil olunacaq beynəlxalq konfrans 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə həsr edilib.
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçiriləcək tədbir, həmçinin uşaq hüquqlarının əsas təməli sayılan sağlamlıq hüququnun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsidir.
Konfransın əsas məqsədi Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdır.
Tədbirdə anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsində ən son yeniliklər, tədqiqatlarda elmi və texnoloji nailiyyətlər barədə fikir mübadiləsi aparılacaq. Mütəxəssislərin məruzələri ilə yanaşı, klinik kurslar, canlı cərrahiyyə yayımı və video təqdimatlar da təşkil olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşacaq beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan filmin təqdimatı da nəzərdə tutulur.
Konfransda Amerika, Avropa, Asiya, Afrika və Avstraliya qitələrini əhatə edən 50 ölkədən 300-dən çox mütəxəssis iştirak edəcək.