YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: On ildən artıqdır ki, Azərbaycan dinamik inkişaf edən ölkələr arasında yerini qoruyub saxlayıb

On ildən artıqdır ki, Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri arasında yerini qoruyub saxlaya bilib. Bütün müsbət iqtisadi göstəricilər 2015-ci il dövlət büdcəsi zərfi sənədlərinə də öz təsirini göstərib.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 18-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin layihəsi Azərbaycanda real inkişaf səviyyəsi, dünyada gedən siyasi-iqtisadi proseslərin təsiri, baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanıb.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirib. Büdcə zərfinə daxil olan 2015-ci il və sonrakı üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, 2015-ci ildə büdcə vergi siyasətinin və 2015-2018-ci illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri və digər sənədlər vaxtında Milli Məclisə təqdim olunub. Sədr deyib: “Cari ilin 9 ayına əsasən bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə olunub. Makroiqtisadi proqnozlara görə 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir”.