YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlar qazanır

“Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanaraq inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən sosial-iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Statistik göstəricilər də bu reallığı ifadə edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Digər faktlara da nəzər salaq: ölkədə qazlaşdırma 96 faizdir, əhalinin 75 faizi isə dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub.

“Əlbəttə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir.

Bütün bu nailiyyətlərin əsasında duran amil, qeyd etdiyim kimi, Heydər Əliyev siyasətinin Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir”-deyə, deputat qeyd edib.