YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev YAP İcra Katibliyində mətbuat konfransı keçirib

Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev mətbuat konfransı keçirib.

M.Musayev bildirib ki, ötən dövrdə müstəqil Azərbaycan böyük inkişaf yolu keçib və cari ilin doqquz ayının uğurlu nəticələri bu faktı bir daha təsdiq edir. Onun sözlərinə görə, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısı 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirib.

ASK prezidenti qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bəhs edilən bu dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Bütövlükdə, ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edir.

M.Musayev söyləyib ki, Azərbaycan sahibkarlar Konfederasiyasında 6 mindən çox sahibkar, 61 assosiasiya birləşib. Onun sözlərinə görə, müşavirədə cənab Prezidentin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı idi: "Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda həyata keçirilən uğurlu islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Heç də təsadüfi deyil ki, "Doing Business" hesabatında Azərbaycan 20 ən islahatçı ölkə sırasında qeyd olunub. Lakin Azərbaycan bu uğurlarla kifayətlənmir. İslahatlar bundan sonra da ardıcıllıqla davam etdiriləcək. Dövlətimizin başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub”.

Azərbaycan sahibkarlarının dövlət qayğısı ilə əhatə olunduğunu deyən ASK prezidenti göstərilən qayğıya görə ölkə rəhbərinə sahibkarlar adından minnətdarlıq edib. Onun sözlərinə görə, ölkə Prezidenti hər zaman sahibkarlığın inkişafına mane olan məsələlərinn aradan qaldırılmasını diqqətdə saxlayır, kiçik və orta sahibkarlığın inkişafına lazımi dəstək verir. M.Musayev deyib ki, İqtisadiyyat Nazirliyinin strukturunun təkmilləşdirilməsi sahibkarlar üçün əlverişlidir. Onun sözlərinə görə, ASK-nın əsas hədəflərindən biri qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsidir.

M.Musayev, həmçinin ASK-nın Azərbaycan məhsullarının xaricə ixracı istiqamətində gördüyü işlər, eləcə də, qurumun beynəlxalq əməkdaşlığı haqqında da geniş məlumat verib.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının fəaliyyətinə gəlincə, M.Musayev bildirib ki, bu, bank olmayan kredit təşkilatıdır və regionlarda kreditləşmə işlərini həyata keçirir. Təşkilat İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatının Aqrar Kredit və İnkişaf Agentliyinin kreditlərinin verilməsində agent bank rolunu oynayır.  "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının kredit portfeli isə 98 milyon manatdır.

Daha sonra mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.

 

DİGƏR Partiya xəbərləri Arxiv