YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib.

Mətbuat konfransında Qorxmaz Hüseynov ötən dövr ərzində görülən işlər haqqında geniş məlumat verib. Ölkəmizin hər yerində abadlıq və quruculuq işlərinin həyata keçirildiyini deyən “Azərsu” ASC-nin sədri bildirib ki, bütün sahələrdə olduğu kimi su sektoruna da böyük diqqət yetirilir. Onun sözlərinə görə, ölkəmizdə bu sektorun inkişafı prioritetlərdən biridir.

ASC sədri deyib ki, əhalinin içməli su ilə təminatı məsələsi dövlət başçısının daim diqqətindədir. Q.Hüseynov diqqətə çatdırıb ki, bu istiqamətdə ölkə Prezidenti tərəfindən müvafiq dövlət proqramları təsdiq olunub. Həmin proqramlar regionları, o cümlədən Bakı şəhəri və  Abşeron yarımadasını da əhatə edir. Bu proqramlar ardıcıl şəkildə icra olunur və irimiqyasli layihələr həyata keçirilir. Onu sözlərinə görə, regionlarda bu vaxta qədər 50 rayonda işlər başlanıb və artıq  30rayonda işlər başa çatıb.  

Q.Hüseynov  onu da bildirib ki, Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq: “Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə  çatdırılıb”.

“Azərsu” ASC-nin sədri söyləyib ki,  27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 km yeni su xətti çəkilib.

Q.Hüseynov onu da diqqətə çatdırıb ki, son vaxtlar yağıntıların az olmasına görə xüsusilə yay aylarında bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub. Onun sözlərinə görə, həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Gədəbəy və Lerikdə artıq bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il başa çatacaq.

Regionlarda suyun keyfiyyəti məsələsinə toxunan Q. Hüseynov bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq regionlarda su kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələdə laboratoriyaları avadanlıq, kadr, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu” ASC-nin balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun. Gələcəkdə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir”.

Q.Hüseynov həmçinin əhalinin keyfiyyətli içməli su təminatı, su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində gələcəkdə görüləcək işlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.