YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib

08 noyabr 2019-cu il tarixdə Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Laçın qərargahında keçirilən tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Rayon rəsmisi çıxış edərək, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildiyini, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu, eyni zamanda müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturu müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğunu bildirmişdir. Həmçinin o qeyd etmişdir ki, rəsmi istifadəsinə qadağa qoyulmuş üçrəngli bayrağımız 71 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz nümunəsi kimi yanaşdıqlarını xüsusilə vurğulamışlar. Həmçinin qeyd olunmuşdur ki, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü elan olunmaqla, bu bayram ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.
      Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, üç rəngli bayrağımız işğaldan azad olunacaq bütün torpaqlarımızda dalğalanacaqdır.