YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Torpaqlarımız işğal altındadırsa, Türkiyəyə qarşı uydurma «soyqırım» iddiası varsa, bu ölkə Ermənistanla sərhədləri açmayacaq

«Türkiyə böyük dövlətdir və demokratik cəmiyyətdən ibarətdir. Ona görə də, bu cəmiyyətdə fərqli fikirlər ola bilər. Bununla belə, Türkiyə işğalçı dövlət olan Ermənistanla sərhədləri açmamalıdır». Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı xatırladıb ki, 1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədləri bağlayıb, diplomatik münasibətlər dayandırılıb. Sərhədlərin indiki şəraitdə açılmasının mümkün olmadığını deyən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Ermənistan hər fürsətdə Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışır: «Ermənilər 1915-ci ildə saxta «soyqırımla» bağlı Türkiyənin imicinə zərbə vurmaqla məşğuldur, ona böhtan atırlar, diplomatik hücum edirlər. Ayrı-ayrı ölkələrdə bu yöndə iş aparılır ki, bəzi dövlətlər uydurma «erməni soyqırımı»nı tanıyıb. Bundan əlavə, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var, dövlətin gerbində Türkiyənin ərazisində olan Ağrıdağın fotosu əksini tapır. Bu günə qədər də etirazlar olsa da, Ermənitsan öz mövqeyində heç bir dəyişikliklər etməyib».

M.İbrahimqızı hesab edir ki, Türkiyənin mütərəqqi ziyalıları sərhədlərin açılmasının tərəfdarı deyil. Onun fikrincə, torpaqlarımıı işğal edən, dinc insanları girov götürən, qocaları, uşaqları, qadınları qətlə yetirən  Ermənistana layiq olduğu münasibət göstərilməlidir.

«Hesab edirəm ki, Türkiyə dövləti işğalçı ölkə ilə sərhədləri açmayacaq. Bilirik ki, bu məsələyə görə Türkiyəyə təzyiqlər çoxdur. Amma bu günlərdə Baş nazir Əhməd Davudoğlu deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün regional layihələrdən kənarda qalıb. Düşünürəm  ki,  torpaqlarımız işğal altındadırsa, Türkiyəyə qarşı uydurma «soyqırım» iddiası varsa, bu ölkə Ermənistanla sərhədləri açmayacaq. Mən indiki şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmıram və bunu qəbul edə bilmirəm».