YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir

"Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının iştirakçılarına müraciətində deyib.

Müraciəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oxuyub.

Prezident İlham Əliyev bildirib: "Hörmətli konfrans iştirakçıları, sizi salamlayır və XXI əsrdə sənayeləşmə, sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübə mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təbrik edirəm. Konfransınızın zəngin sənaye ənənələri ilə seçilən, böyük iqtisadi potensiala malik Azərbaycanda keçirilməsi təsadüfi deyil. Sürətlə modernləşən ölkəmizdə sənayenin inkişafına xüsusi diqqət yetirilir və 2014-cü il respublikamızda "Sənaye ili" elan edilmişdir".

Prezident İlham Əliyevin sözlərinə görə, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır: "İqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir. Bu vəzifənin reallaşdırılması sənayenin inkişaf etdirilməsini, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqini tələb edir. Əminəm ki, konfransınız sənaye siyasətində əsas meyillərlə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir".