YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olundu

Bu gün YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirdi.

Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, partiya təşkilatının rayon Şurası və İdarə Heyətinin üzvləri, partiya veteranları, rayonun idarə və müəssisələrinin nümayəndələri, çoxsaylı qonaqlar, partiya fəalları, gənclər və tələbələr iştirak etdilər.

Tədbirdə ilk öncə, 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən törədilən terror əməliyyatı nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycanın görkəmli dövlət, siyasət və mədəniyyət nümayəndələrinin, eləcə də ötən müddət ərzində dünyasını dəyişən “91-lər”in və partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına və fəaliyyətinə həsr olunan videofilm nümayiş edildi.

Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından olan və Yeni Azərbaycan Partiyasının yaradılmasında, müstəqil dövlət quruculuğunda yaxından iştirak edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının təsis olunmasını zəruri edən şərtlər, partiyanın təşkilatlanması prosesləri, o dövrdəki çətinliklər və təqiblər haqqında danışaraq qeyd etdi ki, Azərbaycanın müasir siyasi tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Belə ki, Heydər Əliyev hələ 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetində Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq Azərbaycanın yolunun müstəqillik yolu olduğunu bəyan etdi və zaman Heydər Əliyevin haqlı olduğunu göstərdi. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çox ağır və gərgin vəziyyətdə Azərbaycan xalqının ürəyi yalnız və yalnız Heydər Əliyevin yanında idi. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.

Komitə sədri vurğuladı ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev Azərbaycanın müasir siyasi tarixinin ən şərəfli hadisələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi. Millət vəkili Azərbaycanda 1988-ci ildən başlayan milli oyanış, özünəqayıdış, azadlıq mübarizəsi və meydan hərakatları, SSRİ kimi nəhəng fövqəldövlətin süqutu nəticəsində Azərbaycanın müstəqillik əldə etməsi, 1991-1993-cü illərdə ölkəmizdə baş verən son dərəcə ağır, ziddiyyətli və mürəkkəb proseslər, bütün bu hadisələrin məntiqi yekunu kimi tamamilə obyektiv zərurətdən yaradılan Yeni Azərbaycan Partiyasının təsisi haqqında ətraflı məlumat verdi. 1991-93-cü illəri ölkə başçısı cənab İlham Əliyevin dəqiq ifadəsiylə “biabırçı və itirilmiş imkanlar dövrü” kimi xarakterizə edən deputat diqqətə çatdırdı ki, Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan artıq 1992-ci ilin sonlarında dərin siyasi, iqtisadi, sosial, mənəvi böhran vəziyyətində və parçalanmaq, yox olmaq, müstəqilliyini əbədi olaraq itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır məqamda xalqımızın 91 nəfər vətənpərvər ziyalısı Heydər Əliyevə tarixi müraciət ünvanladılar və ölkənin qurtuluş yolunun yalnız dahi rəhbərdə gördüklərini, Onun Azərbaycanda hakimiyyətə qayıtmasının zəruri olduğunu bildirdilər. Ürəyi Azərbaycan sevgisi və Azərbaycan xalqı ilə döyünən Heydər Əliyev əlbəttə ki, bu müraciətə biganə qala bilməzdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə o vaxtki səriştəsiz və bacarıqsız hakimiyyətə müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası cəmi yeddi ay sonra iqtidara gəldi və dahi rəhbər, görkəmli dövlət xadimi və nəhəng siyasətçi olan Heydər Əliyev çox qısa müddət ərzində ölkədəki çıxılmaz böhran vəziyyətini tarazladı, ictimai-siyasi sabitliyi bərpa etdi, atəşkəsə nail oldu və Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxartdı.

Ümummilli Lider Heydər Əliyevin sağlığında öz layiqli varisini müəyyənləşdirməsini və Azərbaycanı etibarlı əllərə əmanət etməsini Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı daha bir misilsiz xidməti olaraq dəyərləndirən millət vəkili möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini və bu dinamik inkişafın bir neçə onilliyə sığmayacaq qədər yüksək nəticə olduğunu diqqətə çatdırdı. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir, ordumuz döyüşqabiliyyətinə və müasir silahlarla təminatına görə dünyanın ən güclü orduları sırasındadır, ölkəmizin beynəlxalq imici ildən-ilə yüksəlir. Ş.Hacıyev xüsusi qeyd etdi, bu 16 il ərzində ölkə başçısı Azərbaycanın müstəqilliyini əbədiləşdirdi, ölkəmizi Cənubi Qafqaz regionunun şəksiz liderinə və nəinki bu bölgənin, ümumilikdə yaxın coğrafiyanın müstəqil siyasət yürüdən ölkəsinə, transmilli layihələr icra edən multikultural, tolerant, modern dövlətə, İslam həmrəyliyinin və konfessiyalararası dialoq mərkəzinə, kosmos ölkələri klubunun üzvünə çevirdi. Bütün bu uğurların əldə olunmasında və müstəqilliyimizin ilk illərindən etibarən respublikamızın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolu olduğunu vurğulayan deputat bildirdi ki, üzvlərinin mütləq əksəriyyəti gənclər və qadınlardan ibarət olan Yeni Azərbaycan Partiyası sıralarında 750 mindən çox siyasi həmfikiri cəmləşdirməklə yaxın coğrafiyanın ən güclü və mütəşəkkil siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət gətirdi, sivil siyasi mübarizə məktəbi, idarəçilikdə yeni umic yaratdı. Bu gün partiya sıralarında Azərbaycanın ən işıqlı ziyalıları cəmləşib, gənc, orta və yaşlı nəslin gözəl bağlılığı və qarşılıqlı əməkdaşlığı formalaşıb. Ulu Öndər Heydər Əliyev ideyaları bu gün də yaşayır və yeni keyfiyyət müstəvisində davam etdirilir. Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı firavan, xoşbəxt gələcəyə və böyük uğurlara aparır. Sonda Ş.Hacıyev bütün partiya üzvlərini 21 noyabr – şanlı tarixi gün münasibətilə bir daha ürəkdən təbrik etdi.

Çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Səbail rayon “Ailə problemləri” ərazi ilk partiya təşkilatının sədri Sədaqət Qəhrəmanova və YAP Səbail rayon “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyinin qurulması üçün yerinə yetirdiyi xilaskarlıq missiyası, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən hakimiyyət böhranı və dövlətçiliyimiz üçün ən taleyüklü məqamda Azərbaycan xalqını milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə nail olan Ulu Öndərin əvəzsiz xidmətləri haqqında danışdılar.

YAP Səbail rayon təşkilatının gənc fəalı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə gənclərin Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti haqqında danışdı. Sağlam Azərbaycan gəncliyinin, xalqına, dövlətinə bağlı gənclərin bu partiya sıralarında cəmləşdiyini vurğulayan C.Adilzadə müasir dövrdə gənclərin üzərinə düşən yüksək məsuliyyəti və qarşıda duran vəzifələri xüsusi qeyd etdi.