YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP Siyasi Şurasının qəbul etdiyi qərarla bağlı mətbuat konfransı keçirib

Noyabrın 28-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mətbuat konfransı keçirib.

Əli Əhmədov bildirb ki, Azərbaycan cəmiyyətində Yeni Azərbaycan Partiyasına və onun qərarlarına həmişə böyük diqqət olub. Bu gün də YAP Azərbaycanın siyasi həyatı üçün çox əhəmiyyətli qərar qəbul edib. Hesab edirəm ki, bütövlükdə bu qərar ölkəmizin inkişafına, tərəqqisinə öz müsbət təsirini göstərəcək və uğurla həyata keçiriləcək.

Onun sözlərinə görə, YAP Siyasi Şurasının bu gün keçirilən iclasında Azərbaycanı parlamentində islahatlarla əlaqədar məsələ müzakirə edilib: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyası və onun uğurları cəmiyyətimizdə ciddi müzakirə olunur və insanlar bu islahatları dəstəkləyirlər. Təbii ki, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir və bundan sonra da verəcək. Cəmiyyətimizdə həyata keçirilən islahatlar bir çox sahələri əhatə edir. Bunun nəticəsində sosial-iqtisadi sahədə daha böyük nailiyyətlər əldə olunub, insanların rifah halı yüksəlib. 2019-cu il islahatların daha dinamik xarakter aldığı il hesab oluna bilər. Xüsusilə, böyük sosial paketlər həyata keçirilib, struktur və kadr islahatları insanların məmnunluğu ilə qarşılanıb. Bu islahatlar xətti davam etdiriləcək”.

YAP Sədrinin müavini qeyd edib ki, islahatlar istisnasız olaraq həyatımızın bütün sferalarını əhatə etməlidir.    Əli Əhmədovun fikrincə, Azərbaycanda icra və məhkəmə hakimiyyətində islahatlar həyata keçirilir və bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməlidir. YAP üzvləri bu qənaətdədir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır.

Əli Əhmədov söyləyib ki, YAP Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmək tövsiyə olunub: “Konstitusiyaya edilən son dəyişikliklər əsasında Azərbaycan Prezidentinə parlamenti müəyyən şərtlər əsasında buraxmaq səlahiyyətləri təsbit edilib. Düşünürük ki, Prezidentin bu səlahiyyətindən istifadə edərək parlamenti buraxması parlament və qanunvericilik sferasında islahatların həyata keçirilməsi üçün əlverişli imkan yarada bilər”.

O qeyd edib  ki, YAP Siyasi Şurasının müvafiq qərarından sonra bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirilib: “Deputatlarımız yekdil formada partiyamızın Siyasi Şurasının qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Toplantıda  iştirak edən deputatlarımızın hamısı müraciəti imzalayıblar və yaxın zamanlarda müraciət rəsmi şəkildə Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, parlamentdə bu qərara yaxın günlərdə baxılacaq”.

Əli Əhmədov bildirib ki, YAP Azərbaycanın siyasi həyatında bir çox yeniliklərə müəlliflik edib: “YAP fəaliyyət göstərdiyi illər ərzində taleyüklü qəralar qəbul edib və yeni yanaşmaları ilə cəmiyyətin  diqqətini cəlb edib. YAP parlamentarizm tarixinə də yenilik gətirən ilk siyasi təşkilatdır. Azərbaycanda parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri ənənəsi bu gün YAP Siyasi Şurasının qəbul etdiyi qərar əsasında reallaşmaq imkanı qazanacaq. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi praktikasına dünya ölkələrində tez-tez rast gəlmək olur. Azərbaycanın siyasi həyatında  ilk dəfə olmasına baxmayaraq, bunu qeyri-adi formada qiymətləndirməyə ehtiyac yoxdur. Söhbət hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmə, müasirləşmə, islahatlar konsepsiyasının coğrafiyasının genişlənməsindən və bunun zəminində Azərbaycanın daha dinamik inkişafı üçün daha əlverişli, etibarlı imkanların əldə olunmasından gedir. İnanıram ki, Azərbaycan cəmiyyəti bu qərarı hörmətlə qarşılayacaq”.