YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun Badamdar qəsəbəsi sakinləri ilə görüş keçirildi

Dekabrın 3-də Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun Badamdar qəsəbəsində rayon seçiciləri ilə “Xalq üçün” şüarı ilə görüş keçirildi.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin üzvləri, Bələdiyyə seçkilərində iştirak edən namizədlər, Badamdar bələdiyyəsinin hazırda fəaliyyətdə olan İdarə Heyətinin üzvləri və Badamdar qəsəbəsi sakinləri iştirak etdilər.

Çıxış edən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslər haqqında görüş iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, mahiyyət etibarilə 2019-cu il Azərbaycanda hərtərəfli islahatlar ili olmuşdur. Deputat qeyd etdi ki, 2018-ci ildən başlayaraq Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və ölkəmizdə bu gün də davam edən sistemli islahatlar nəticəsində cəmiyyətin bütün sahələrini əhatə edən ciddi, inqilabi dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər və islahatlar ölkəmizdə həyata keçirilən və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş geniş sosial-iqtisadi proqramların icrası, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən cəsarətli və müstəqil siyasəti, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə ölkəmiz dünya ictimaiyyəti tərəfindən islahatçı dövlət kimi qəbul olunur. Millət vəkili vurğuladı ki, ölkəmizdə gündən-günə genişlənən islahatlar nəticəsində dövlət idarəçilik sistemində, o cümlədən dövlətin icra və məhkəmə hakimiyyəti qollarında ciddi struktur dəyişiklikləri baş vermişdir. Bu islahatların daha səmərəli və nəticəli olması üçün qanunvericilik hakimiyyətində təmsil olunan Yeni Azərbaycan Partiyasının üzvlərinin təşəbbüsü ilə mütərəqqi siyasi addım atılmış, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilmişdir. Ş.Hacıyev vaxtından əvvəl seçkilərə gedilərək yeni çağırışlara və yeni hədəflərə müvafiq olaraq xalqın etimadını qazanan deputatların təmsilçiliyi ilə növbəti çağırış Milli Məclisin formalaşmasının ölkəmizdə islahatların daha sürətli, daha uğurlu və genişmiqyaslı şəkildə aparılmasına müsbət mənada ciddi təsir göstərəcəyinə, eyni zamanda dövlət hakimiyyətinin bütün qolları arasında əlaqələrin daha səmərəli qurulmasına lazımi imkanlar yaradacağına dair əminliyini ifadə etdi.

Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan danışan YAP-ın səlahiyyətli nümayəndəsi Ş.Hacıyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətləri olmuşdur. YAP ötən dövr ərzində sübut etmişdir ki, partiyamız ümumxalq dəstəyi və etimadı qazanan Qələbələr Partiyasıdır. “Əminik ki, “Xalq üçün” devizi ilə getdiyimiz bu Bələdiyyə seçkilərində də xalqımız YAP namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaqdır.” deyən deputat Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə institutunun inkişafı, başlıca məqsədləri və fəaliyyət mexanizmləri haqqında seçicilərə ətraflı məlumat verdi. Millət vəkili qeyd etdi ki, yerli idarəetmə institutu olan bələdiyyələrin ölkəmizdə formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, məhz 1995-ci ildə qəbul olunmuş ilk müstəqil Konstitusiyamızda bələdiyyələrin fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda bələdiyyələrin cəmiyyətimizdə rolu ildən-ilə artır və onların səmərəli fəaliyyətinin təşkili üçün zəruri qanunvericilik bazası və müvafiq strukturlar tam formalaşıb. Daha sonra bələdiyyələr qarşısında duran vəzifələr və görüləcək işlər haqqında rayon sakinlərinə ətraflı məlumat verən deputat bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mövcud potensial, resurslar və onlardan səmərəli istifadə yollarını, bələdiyyə büdcəsinin artırılması üçün qanunamüvafiq fiskal yığımların mənbələrini göstərdi. Qeyd olunanlarla əlaqədar, son dövrdə qəbul olunan qanunlar, xüsusilə Vergi Məcəlləsinə edilən dəyişikliklərin əhəmiyyəti xüsusi vurğulandı. Bildirildi ki, bələdiyyələr əsas etibarilə əhalinin gündəlik problemlərinin həlli istiqamətində çalışmalıdırlar. Son illərdə Badamdar bələdiyyəsi tərəfindən görülən işlər, xüsusilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəsəbənin abadlaşdırılması, əhalinin rahatlığı və istirahətinin təmin edilməsi üçün ərazidə parkların, yaşıllıqların salınmasını, əhali üçün ərzaq mallarının satışını təşkil edən uzunmüddətli yarmarkanın yeni layihə əsasında müasir görünüşlü təmiri haqqında danışan Ş.Hacıyev IDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Abad məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsində təmir olunmuş və əhalinin istifadəsinə verilmiş abad həyətləri xüsusi qeyd etdi.

Səbail rayon sakinlərini seçki günü seçki məntəqələrinə gəlməyə və seçkilərdə fəal iştirak etməyə dəvət edən Ş.Hacıyev seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırdı. Çünki, Yeni Azərbaycan Partiyası dünənin və bu günün partiyası olduğu kimi, Azərbaycanın firavan gələcəyinin, ölkəmizin rifahının və inkişafının təminatçısı olan partiyadır.

Badamdar bələdiyyəsinin hazırda fəaliyyətdə olan sədri Təzəxan Məmmədov ötən dövr ərzində Badamdar bələdiyyəsi tərəfindən görülmüş işlər haqqında məlumat verdi.

Çıxış edən YAP Səbail rayon “Badamdar qəsəbəsi sakinləri” ərazi ilk partiya təşkilatının sədri Natiq Abbasov, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvü, Xalq artisti Hacı İsmayılov və digərləri bələdiyyələrin fəaliyyətindən danışaraq, seçiləcək yeni bələdiyyə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

Sonra Badamdar bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Budaqova Məhəbbət Rəşid qızı, Zamanov Samir Elman oğlu, İmaməliyev Asim Xanlar oğlu, Abdullayeva Nailə Əkrəm qızı, İsmayılov Aydəm İsmayıl oğlu, Quliyev Fariz Fəlah oğlu, Yusifova Təranə Mikayıl qızı, Sultanzadə Mirzə İmran oğlu, Həsənova Xədicə Fərrux qızı, Əhmədov Zaur Etibar oğlu, Əmrəliyeva İradə Böyükağa qızı və Həsənov Samir Qadir oğlu çıxış edərək seçicilərə seçki platformaları haqqında məlumat verdilər.

Çıxış edən Badamdar qəsəbəsi sakinləri ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi, vətəndaşa göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və seçkilərdə iştirak edərək YAP namizədlərinə səs verəcəklərini bildirdilər.

 

 

DİGƏR Xəbərlər Arxiv