YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: TANAP Avrasiya məkanında mühüm enerji layihələrindən biridir

“Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin  keçirilməsi mühüm hadisədir. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Dövlətimizin başçısı  TAP-ın da vaxtında istifadəyə veriləcəyinə əminliyini ifadə edib”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, TANAP Cənub Qaz Dəhlizi nin tərkib hissəsi olaraq “Şahdəniz-2” yatağından çıxan qazı Türkiyə və bu ölkədən Avropaya nəql edən bir layihədir. Onun sözlərinə görə, TANAP Türkiyə -Gürcüstan sərhədində Cənub Qaqaz Boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans- Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1800 km TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrdək artırılması nəzərdə tutulub.

“Bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda layihə digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır. Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir və bu layihə artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Layihə çərçivəsində hasil olunacaq təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanstan, Bolqarıstan, Albaniya ərazisindən keçməklə və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdırılacaq. Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bir layihədir. TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir”-deyə, R.Əliyev vurğulayıb.