YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı regional təşəbbüs layihəsi imzalayıb

Dekabrın 4-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) arasında regional təşəbbüs layihəsi imzalanıb.

Nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao ilə ikitərəfli görüş keçirib. Görüşdə ölkəmizin sözügedən təşkilatın ali idarəetmə orqanı olan Şuranın üzvü kimi fəaliyyəti və qurumla gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Tərəflər arasında regional təşəbbüs layihəsi imzalanıb. Müqaviləyə əsasən, ITU-nun maliyyə dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən 2020-2021-ci illərdə “Qadınlar üçün IT sahədə multimedia onlayn kurs və veb portalın inkişafı” adlı layihə həyata keçiriləcək. Qeyd edilən layihə qadınların və qızların rəqəmsal hazırlığının inkişafına xüsusi töhfə verəcək. Layihənin icrası nəticəsində onlayn portal yaradılacaq və burada ana dilimizdə interaktiv multimedia kursları keçiriləcək. Kursları bitirən xanımlar ITU-nun onlayn sertifikatı ilə təltif ediləcək. Layihənin əsas məqsədi ölkəmizin hər bir nöqtəsində xanımların İKT sahəsi, xüsusilə proqramlaşdırma üzrə karyera qurmasına dəstək verməkdir. Eyni zamanda, ödənişsiz onlayn kurslara qoşulan xanımlar “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin ölkənin 19 regionunda olan tədris mərkəzlərində sərbəst şəkildə onlayn kurslarda iştirak edə biləcəklər. Onlayn təlimlərə 2020-ci ildə başlanılacaq.

Nazir Ramin Quluzadə, həmçinin İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi ilə görüşüb. R.Quluzadə görüşdə “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində İranın 15 şirkəti və startapının iştirakının əhəmiyyətini vurğulayıb.

Danışıqlar zamanı sərhədyanı ərazilərdə radiotezlik resurslarından istifadənin koordinasiya edilməsi, o cümlədən iki ölkə arasında innovasiyalar və startap ekosisteminin inkişafı sahələrində perspektiv əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.