YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir

Dekabrın 6-da Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən Səbail bələdiyyəsinə irəli sürülmüş namizədlərin seçicilərlə görüşü keçirildi.

Səbail rayon sakinlərini və bələdiyyəyə namizədləri salamlayan Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin demokratikləşməsindəki müstəsna yeri və rolu, ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələr, 2003-cü ildən etibarən Ulu Öndərimizin əbədiyaşar ideyalarının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi və uğurla davam etdirilməsi nəticəsində Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizin əldə etdiyi misilsiz siyasi, iqtisadi, sosial, mədəni nailiyyətlər, Azərbaycanda dövlət idarəçiliyinin daha da müasirləşməsi istiqamətində həyata keçirilən ciddi institusional və struktur dəyişiklikləri, ölkənin icra, hüquq-mühafizə və qanunvericilik hakimiyyətini əhatə edən genişmiqyaslı islahatlar, cəmiyyətimizdə demokratiyanın daha da dərinləşməsi məqsədilə siyasi plüralizmin, şəffaflığın, aşkarlığın artırılması istiqamətində atılan addımlar, əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə icra olunan sosial paketlər, ölkəmizdə yerli özünü idarəetmə strukturları olan bələdiyyə institutunun inkişafı və fəaliyyət mexanizmi üçün yaradılmış zəruri qanunvericilik bazası, xüsusilə son dövrdə Vergi Məcəlləsində aparılan dəyişikliklər nəticəsində bələdiyyələrin maliyyə mənbələrində yaradılmış yeni imkanlar və bələdiyyələrlə bağlı görüləcək işlər haqqında rayon seçicilərinə geniş və ətraflı məlumat verdi.

Millət vəkili diqqətə çatdırdı ki, hakim Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr vermiş və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən gənclər irəli sürülmüşdür. Namizədlər arasında yaşlı, orta və gənc nəslin çox müsbət sintezi müşahidə olunur, yaşlı və orta nəslin təcrübəsi gənclərin yaradıcı və kreativ yanaşması ilə birləşdikdə görülən işlərin səmərəsi və dinamizmi də yüksələcək.

2018-ci ildən etibarən Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni dövrün və inkişaf mərhələsinin başladığını vurğulayan Ş.Hacıyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev siyasəti bu gün yeni dövrün çağırışlarına, tələblərinə uyğun təkmilləşərək yeni keyfiyyət müstəvisində davam etdirilir. Bu gün Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrdə, xüsusilə idarəetmə sisteminə, sosial-iqtisadi inkişaf səviyyəsinə, vətəndaşa olan diqqət və qayğıya, sosial-məişət problemlərinin həllinə, ölkəmizdə həyata keçirilən qlobal layihələrə, eləcə də ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyə, cəmiyyətimizdə həyat tərzinə çevrilmiş multikulturalizm və tolerantlıq səviyyəsinə görə dünya üçün müsbət nümunə təşkil edir. Azərbaycanın beynəlxalq nüfuzu, etibarlı beynəlxalq tərəfdaş kimi imici bütün bunlar və ölkəmizdə aparılan sistemli islahatlarla bağlı olaraq ilbəil yüksəlir və Azərbaycan cəsarətli, müstəqil siyasət aparan islahatçı ölkə kimi dünya ölkələri arasında özünəməxsus yer tutur. Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası göz qabağındadır, ölkəmiz beynəlxalq reytinqlərdə bir çox sosial-iqtisadi göstəricilərə görə ilk onluqda və ilk iyirmilikdə yer alır, 200-dən çox dövlət arasında bu nəticələri əldə etmək misilsiz nailiyyətdir.

Deputat qeyd etdi ki, bu gün cəmiyyət olaraq bizim yeganə problemimiz işğal altında olan torpaqlarımız, Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ ilə bağlı ölkə rəhbəri öz qətiyyətli siyasi iradəsini ortaya qoymuşdur, Azərbaycan xalqı bir qarış da olsa Vətən torpağını güzəştə getməyəcək və əzəli torpaqlarımızda ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verməyəcəkdir. Azərbaycan xalqı Ali Baş Komandanımızın hər bir əmrinə hazırdır və Böyük Qələbə günümüz çox da uzaq deyil.

Ölkəmizdə mövcud olan dağıdıcı radikal müxalifət qruplarının anti-Azərbaycan, anti-milli fəaliyyəti haqqında danışan Ş.Hacıyev bildirdi ki, Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin bütün şəhər və rayonlarında keçirilən ağacəkmə aksiyasında fəal iştirak edir və hakim partiyadan könüllü şəkildə bu kampaniya çərçivəsində bu gün ağacəkmə aksiyasına gələnlərin sayı özünə müxalifət deyən partiyaların həftələrlə hazırlaşdığı və çağırış etdiyi mitinqlərinə gələnlərin sayından dəfələrlə çox idi. Bu faktın özü sübut edir ki, ictimaiyyət radikal müxalifəti tamamilə rədd edir, cəmiyyət müxalifət sıralarında da Vətənimizə, müstəqil dövlətçiliyimizə bağlı olan sağlam düşüncəli insanları görmək istəyir. Bizim yolumuz müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyev yoludur, İlham Əliyev siyasətidir və bu siyasət Azərbaycanı çox böyük uğurlara aparır.

Çıxışının davamında Azərbaycanda bələdiyyə institutunun formalaşması və inkişafı haqqında ətraflı məlumat verən deputat diqqətə çatdırdı ki, bələdiyyələrin statusu, gəlirlərinin formalaşması, idarə olunması və s. ilə bağlı zəruri qanunvericilik bazası tam yaradılmışdır, ötən dövr ərzində Milli Məclisdə bu istiqamətlərdə 20-yə yaxın qanunvericilik sənədi hazırlanıb və qəbul olunub. Millət vəkili dövlətin bələdiyyələrin fəaliyyətini böyük diqqət mərkəzinə saxladığını və ildən-ilə bələdiyyələrə ayrılan vəsaitin miqdarını yüksəldiyini, son dövrlərdə Vergi Məcəlləsində aparılan dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə, büdcəsinin formalaşması mənbələrinə və xərclərinin istifadəsinə təsir edən mühüm müddəaların da əks olunduğunu xüsusi qeyd etdi. Bildirildi ki, bu mütərəqqi dəyişikliklər nəticəsində bələdiyyələrin gəlir mənbələri şaxələnib genişlənəcək və cəmiyyətdə vergi ödəmə mədəniyyəti də yüksələcəkdir. Yeni büdcə ilində bələdiyyələrin inkişafına dövlət büdcəsindən 5 mln. manat subsidiyaların və 1,2 mln. manat subvansiyaların ayrılması nəzərdə tutulub ki, bu da ötən illərlə müqayisədə dəfələrlə çoxdur. Qeyd olundu ki, bələdiyyələrin fəaliyyətinin başlıca məqsədi əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində çalışmaq və sakinlərin yaşayış şəraitinin, istirahətinin, rahatlığının təşkil olunması üçün qəsəbə ərazilərində abadlaşdırma, təmir, yenidənqurma işləri ilə məşğul olmaqdır.

Ş.Hacıyev bütün seçiciləri seçki günü seçki məntəqələrinə dəvət edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırdı. Yeni seçiləcək bələdiyyə heyətinə uğurlar arzu edən deputat bildirdi ki, xalq üçün, xalqın milli maraqları və əhalinin rifahı üçün çalışan Yeni Azərbaycan Partiyasının Liderinin, ölkə başçısının siyasətinin əvvəlində də, mərkəzində də, son məqsədində də insan faktoru dayanır. Biz dünənimizi, bugünümüzü və sabahımızı bu partiyasız təsəvvür edə bilmirik. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın Azərbaycan Respublikasını qüdrətli dövlətə çevirən, müstəqilliyimizi əbədi edən, Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən və Azərbaycanı işıqlı gələcəyə aparan Liderimiz cənab İlham Əliyev!

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Səbail bələdiyyəsinə irəli sürülmüş namizədlərə söz verildi.

Səbail bələdiyyəsinin hazırda fəaliyyətdə olan sədri Səmədağa Aslanov ötən dövr ərzində Səbail bələdiyyəsi tərəfindən görülmüş işlər haqqında məlumat verdi.

Sonra Səbail bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Nəcəfova Pərvin Fərhad qızı, Süleymanova Jalə Eldar qızı, Qafarova İradə Aleksandr qızı, Allahyarlı Nihad Vüqar oğlu, Əliyev Hacı Nurəddin oğlu, Əliyeva Xatirə İbrahim qızı, Rzayeva Cəmalə Yunis qızı, Əsgərov Həsən Məmməd oğlu, Cəfərova Aytən Vaqif qızı, Abbasov Qurban Musa oğlu, Abışov Ruslan Mübariz oğlu, Yusubov Cavid Rövşən oğlu, Əbdülhəsənov Bayram Durhəsən oğlu və Şirinov Tahir İnqilab oğlu çıxış edərək seçicilərə seçki platformaları və seçiləcəkləri təqdirdə görəcəkləri işlər haqqında məlumat verdilər.

Tədbir işgüzar şəraitdə seçicilərin suallarının cavablandırılması ilə yekunlaşdı.