YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olundu

Dekabrın 10-da YAP Səbail rayon təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunan anım tədbiri keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirak etdilər.

İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə həsr olunun videofilm nümayiş olundu.

Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın müasir siyasi tarixindəki əvəzolunmaz xidmətləri haqqında danışdı. Müasir iqtisadi inkişafımızın əsasını təşkil edən Heydər Əliyev Neft strategiyasını və “Əsrin Müqaviləsi”nin imzalanmasının əhəmiyyətini xüsusi qeyd edən rektor bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətini və yolunu yeni müstəvidə uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada tanınan, beynəlxalq münasibətlərdə öz sözü və yeri olan, dinamik inkişaf edən modern və güclü dövlətə çevrilmişdir.

Çıxış edən prof. Şəmsəddin Hacıyev bütün varlığı ilə müstəqil Azərbaycan dövlətçiliyinə bağlı olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyət dövründə taleyin hökmü ilə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün yerinə yetirdiyi böyük tarixi missiyalardan geniş danışdı. Ulu Öndər Heydər Əliyevin sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edən deputat bildirdi ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Ş.Hacıyev vurğuladı ki, zaman keçdikcə biz Heydər Əliyev dühasının əzəmətini, böyüklüyünü daha çox hiss edir, həyata keçirdiyi çoxşaxəli işlərin, xalqımız və müstəqil dövlətçiliyimiz üçün ən çətin, taleyüklü anlarda yerinə yetirdiyi xilaskarlıq missiyaların nəhəngliyini daha dərindən dərk edirik. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yaşadır və hər bir Azərbaycan vətəndaşı böyük qürur və fərəh hissi ilə hər zaman qeyd edir ki, nə yaxşı ki, müstəqil dövlətçiliyimizin ən mürəkkəb, taleyüklü məsələlərinin həll olunduğu şəraitdə Azərbaycan xalqına Heydər Əliyev kimi böyük və cəsarətli Lider rəhbərlik edib.

Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik və idarəçilik irsi haqqında tədbir iştirakçılarına xronoloji ardıcıllıqla geniş və ətraflı məlumat verən Ş.Hacıyev Sovet dövründə Heydər Əliyevin yalnız şəxsi bacarığı, istedadı və işgüzarlığı ilə gənc yaşlarından etibarən dünyanı idarə edən iki nəhəng dövlətdən birinin ən yüksək rəhbər vəzifələrinə qədər yüksələn ilk müsəlman-türk, azərbaycanlı olmasını, 1969-cu ildə müttəfiq respublikalar arasında ən geridə qalmış aqrar-xammal ölkələrindən biri olan Azərbaycana rəhbər təyin olunmasından sonra cəmi 13 il ərzində Azərbaycan SSR-i Sovet respublikaları sırasında ən sürətlə inkişaf edən və özünü tam təmin edən arqar-sənaye respublikasına çevirməsini, SSRİ kimi fövqəldövlətdə yüksək məsuliyyət tələb edən elm, təhsil, mədəniyyət, nəqliyyat, maşınqayırma, dəmir yolları və digər mühüm strateji sahələrə məhz Heydər Əliyevin rəhbərlik etməsini və bu sahələrin inkişafında əhəmiyyətli nəticələrin əldə edilməsi xüsusi vurğuladı. Millət vəkili Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin xalqın istəyi və dəstəyi ilə 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə gəlməsini onun tarixi qurtuluş missiyasının başlanğıcı olduğunu diqqətə çatdırdı. 1992-ci ilin 21 noyabr tarixində Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasını və qısa müddətdə xalqın dəstəyi ilə iqtidar partiyasına çevrilməsini Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi vurğulayan Ş.Hacıyev bildirdi ki, Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Ulu Öndər ölkəmizi düşdüyü bəlalardan, Azərbaycanı sözün əsl mənasında yox olmaq, məhv olmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi, son dərəcə mürəkkəb siyasi və iqtisadi şəraitdə Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi və ölkəmizi iqtisadi tənəzzüldən sürətli inkişaf və tərəqqi yoluna çıxartdı. Deputat Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı üçün hazırladığı fundamental siyasi və iqtisadi bazanın tərkib elementlərini təhlil edərək, Ulu Öndərin misilsiz xidmətləri sırasında məhz Heydər Əliyevin şəxsi nüfuzu və siyasi iradəsi nəticəsində 1994-cü ildə Azərbaycan üçün əlverişli şərtlərlə “Əsrin Müqaviləsi”nin imzalanmasının, 1995-ci ildə əsl sivil, müasir tələblərə cavab verən və sonradan dövlətin bütün qanunvericilik bazasının yaradılmasında həlledici rol oynayan müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulunun, ölkədə bazar iqtisadiyyatına keçid üçün zəruri institutların və infrastrukturun yaradılmasının, cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş və sistemli islahatlar proqramının həyata keçirilməsinin, eləcə də həmin dövrdə Azərbaycanın milli və azərbaycançılıq ideologiyasının formalaşdırılması və bütün cəmiyyətin bu ideyalar ətrafında birləşdirilməsinin əhəmiyyətini xüsusi vurğuladı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı daha bir tarixi missiyasının sağlığında özünün siyasi varisini müəyyənləşdirməsi olduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, zaman bu seçimin nə dərəcədə düzgün, müdrik və uzaqgörən qərar olduğunu sübuta yetirdi. Azərbaycan xalqına firavan həyat və güclü dövlət bəxş etmiş Heydər Əliyev siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən tamamilə yeni keyfiyyət müstəvisində dünyada gedən proseslər və yeni çağırışlar əsasında uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda son 16 ildə möhtəşəm işlər görülmüş, ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz təmin olunmuş, iqtisadiyyatımız sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə Azərbaycan etibarlı tərəfdaş imici qazanmışdır. 2018-ci ildən etibarən ölkəmizdə davamlı, tarazlı, şaxələndirilmiş inkişaf və cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatlar həyata keçirilir və müsbət nəticələr də göz önündədir. Azərbaycan öz inkişaf yolu ilə gedir, bu yol Heydər Əliyev yolu və İlham Əliyevin cəsarətli, müstəqil, uzaqgörən siyasət yoludur. Bu siyasət Azərbaycanı gələcəkdə də çox uğurlara aparacaq.

Ulu Öndər Heydər Əliyevi bir daha qürurla və ehtiramla yad edən Ş.Hacıyev vurğuladı ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixin gedişini dəyişən və Azərbaycanın yeni tarixini yaradan şəxsiyyətdir. Nə qədər Azərbaycan varsa, Heydər Əliyev ideyaları da yaşayacaq və Heydər Əliyevin qurub yaratdığı Azərbaycan vaxt gələcək ki, dünyanın ən inkişaf etmiş ölkələrindən olacaq. Allah Ümummili Liderimizə qəni-qəni rəhmət eləsin! Ruhu şad olsun!

YAP Səbail rayon “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fakültə dekanı prof. Elçin Əhmədov Ulu Öndər Heydər Əliyevin hələ SSRİ-nin varlığını davam etdirdiyi illərdə Azərbaycanın müstəqilliyi yolunda atdığı cəsarətli addımlar, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən ictimai-siyasi proseslər, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, ölkədə rəhbərliyə qayıtdıqdan sonra həyata keçirdiyi mühüm və təxirəsalınmaz qərarlar haqqında danışdı. E.Əhmədov qeyd etdi ki, əsasını Ulu Öndr Heydər Əliyevin qoyduğu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla, dinamik şəkildə, novatorcasına və dövrün tələblərinə uyğun ləyaqətlə həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, qitənin siyasi-iqtisadi arxitekturasına öz layiqli töhfələrini verir. Azərbaycan gəncləri xalqımızın qarşımızda duran məsuliyyətli vəzifələri dərk etməli, Prezidentimizin ətrafında sıx birləşməli və Azərbaycan həqiqətlərini dünyaya yayaraq bədnam qonşularımıza qarşı mübarizədə iştirak etməlidirlər.

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin III kurs tələbəsi İlahə Balakişiyeva Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər üçün böyük nümunə təşkil etməsi, Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın hər bir Azərbaycanlı gənc üçün fəxr və qürur mənbəyi olması, ölkəmizdə Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti və bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirməsi haqqında danışdı. Bildirildi ki, bu gün vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncliyi ölkəmizin son 16 ildə əldə etdiyi misilsiz nailiyyətlərdən ruhlanır və onlara göstərilən yüksək etimada layiq olmağa çalışır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Dövlət İdarəçilik Akademiyasının tələbələrinə partiya üzvlük vəsiqələri təqdim olundu.

DİGƏR Partiya xəbərləri Arxiv