YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kursu təşkil edib.

Kursda ilk olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissələrindən biridir” mövzusunda gənclər üçün məruzəçi qismində çıxış  edib. Ziyad Səmədzadə bildirib ki, dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbayan iqtisadiyyatı dayanıqlılığını nümayiş etdirir. Bunun əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi  və müstəqil siyasət dayanır. Azərbaycan bir sıra xarici təzyiqlərə baxmayaraq, özünün təbii sərvətlərini özəlləşdirmədi, bir sıra layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ciddi qətiyyət nümayiş etdirdi. Bu gün Xəzər hövzəsində qlobal enerji layihələrinin reallaşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasiya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan ölkədir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2019-cu ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur.

Daha sonra mühazirə ilə çıxış edən Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri  Aydın Hüseynov             bildirib ki, Azərbaycan Respublikası nəqliyyat sahələri və infrastrukturunun inkişafına görə postsovet məkanında özünəməxsus uğurlar əldə etmiş, maraqlı yeniliklərə imza atmış bir ölkədir. Bununla əlaqədar olaraq nəqliyyat sektorunda bir sıra transmilli layihələr həyata keçirilmişdir. Gündən-günə inkişaf edən, müasirləşdirilən və yenidən qurulan Azərbaycan nəqliyyat sektoru 

ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandırır. Bu nüfuz region ölkələri üçün 

tamamilə əlçatmaz bir səviyyədədir. Azərbaycan Respublikasının həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində iqtısadiyyatın bütün istiqamətlərində, o cümlədən nəqliyyat sistemi və onun infrastruktur sahələrinin də sürətli inkişafı üçün böyük imkanlar yaranmışdır.

Sonda bu kursların faydalı və maraqlı olacağına inandığını deyən Aydın Hüseynov qeyd edib ki, təşkil olunan belə tədbirlər gənclərimizə böyük siyasi təcrübə  qazandıracaq.

Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.

Kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.

Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.