YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının 12-ci növbədənkənar konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının 12-ci növbədənkənar konfransı keçirilib.

Hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı  sədrinin müavini Eldar Zeynalov  bildirib ki, təşkilatın XI konfransından ötən müddət ərzində rayon partiya təşkilatının sıraları nəzərəçarpacaq dərəcədə genişlənib. XI konfransdan keçən müddət ərzində təşkilatın idarə heyətinin 35 iclası keçirilib, bu iclaslarda 92-dən çox məsələ müzakirə edilib. XI konfransdan ötən dövrdə Yeni Azərbaycan Partiyası sıralarına 495 nəfər üzv qəbul olunub.

Sonra məruzə ətrafında çıxışlar olub.

Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədov, YAP Ordubad rayon təşkilatı Qadınlar Şurasının sədri Könül İsmayılova çıxış edərək qeyd ediblər ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasnın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.

Konfransda çıxış edən Ordubad rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının üzvləri ulu öndər Heydər Əliyevin uzun illər üçün müəyyənləşdirilmiş quruculuq siyasətinin bu bölgədə uğurla həyata keçirilməsində fəallıq göstərirlər. Ümummilli liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu bu siyasət hesabına gündən-günə çiçəklənir. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində hər il quruculuq işləri görülür. Təhsil, səhiyyə, mədəniyyət, rabitə müəssisələri, müxtəlif dövlət qurumları üçün yeni binalar inşa olunur, müasir standartlara cavab verən yollar salınır, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır, emal və istehsal müəssisələri, yeni iş yerləri yaradılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Bu proseslərdə partiya fəalları öndə gedirlər.

Konfransda çıxış edən YAP Naxçıvan MR təşkilatının  icra katibi Anar İbrahimov qeyd edib ki, partiyanın Ordubad rayon təşkilatının tarixi, keçdiyi yol onu  mütəşəkkil  siyasi qüvvəyə  çevirib. Ümummilli lider Heydər Əliyevin siyasi strategiyası və yeni azərbaycançılıq  məfkürəsi hər zaman Ordubad əhalisi tərəfindən  dəstəklənib.  Bu mənada müasir Ordubad rayonu da  Yeni Azərbaycan  Partiyasının,  Heydər Əliyev ideyalarının  əsəridir. Ötən 25 ildən  artıq müddətdə partiyanın Ordubad rayon təşkilatı xeyli möhkəmlənib,  rayonun ictimai-siyasi proseslərinin aparıcı siyasi qüvvəsinə çevrilib, artıq  partiyanın  ideyaları üzərində  yetişmiş yeni  nəsil  bu gün Ordubadda da ictimai-siyasi, sosial-iqtisadi proseslərdə YAP-ın  əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu da partiyamızın əsas ideoloji prinsiplərindən olan  varisliyin təmin olunmasından xəbər verir. Partiya gəncləşir, müasirləşir, yeni nəsl partiyanı özünün siyasi və sosial  ifadəsinin  əvəzolunmaz siyasi təşkilatı kimi qəbul  edir.  Bu gün YAP rayonun  siyasi  aktiv  əhalisinin  21 faizini təşkil edir, həm də  qeyd etmək lazımdır ki,  bu kəsim cəmiyyətin  ən aktiv  hissəsini özündə  ehtiva edir.

Anar İbrahimov bildirib ki, bu illərdə rayonda yaradılan sosial-iqtisadi və mədəni potensial YAP-ın da Ordubadda möhkəmlənməsində əvəzsiz rol oynayıb, partiyanın  nüfuzunun  daim  yüksək səviyyədə  təmin  olunmasında  başlıca amil kimi  çıxış  edib.  Rayonun  əksər  yaşayış  məntəqəsində  qurulan kənd mərkəzləri həm sosial-iqtisadi, mədəni faktor, eyni zamanda da partiyanın yerli təşkilatlarının işlərinin qurulmasında  mühüm rol  oynayıb.

Sonra icra katibi 20 noyabr  2019-cu il  tarixində  YAP Naxçıvan MR təşkilatının  Şurasındakı iclasında  partiya təşkilatının  və  Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun qarşıdakı dövr üçün müəyyənləşdirdiyi vəzifələrin  həyata keçirilməsində  partiyanın  Ordubad rayon təşkilatının konfranslararası dövrdə gördüyü işlərin təhlilinin əhəmiyyətini vurğulayaraq, Şura, İdarə Heyəti, Gənclər Birliyi və Qadınlar Şurası kimi digər qurumların gördüyü işlərində  keyfiyyət faktorunun  başlıca meyar olduğunu  bildirib.  Bu məqsədlə rayonda  yaradılan  potensialdan  daha  səmərəli istifadə  etmək,  gənc  partiya üzvlərinin potensialını və ictimai iştirakı təşviq etmək və partiya sədrinin müəyyənləşdirdiyi digər bu kimi istiqamətlər üzrə fəaliyyətlərinin qurulması prioritet sahə kimi diqqətdə saxlanılmalıdır.   

 İcra katibi sonda qarşıdakı dövrdə bələdiyyə və parlament seçkilərində qarşıya qoyulan vəzifələrin icrasından bəhs edib,  partiyanın  bu siyasi  kampaniyanı  da  qələbə  ilə  yekunlaşdıracağını  bildirib.

Sonra konfransın qərarı oxunaraq qəbul edilib. Konfransda təşkilatın 13 nəfərdən ibarət idarə heyəti seçilib.  İsmayılov Etibar Şəhrud oğlu Yeni Azərbaycan  Partiyası Ordubad rayon təşkilatının sədri, Eldar Zeynalov sədr müavini, Nurlan Səfərli Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı Gənclər Birliyinin sədri, Könül İsmayılova YAP Ordubad rayon təşkilatı Qadınlar Şurasının sədri, həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.