YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsi barədə ABŞ-ın mövqeyi dəyişməzdir

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf dekabrın 2-də bildirib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində Birləşmiş Ştatların mövqeyi dəyişməyib.
Dövlət Departamentinin nümayəndəsi erməni separatçılar tərəfindən “Dağıq Qarabağın müstəqilliyi” (oxu: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin erməni qoşunları tərəfindən hərbi yolla ilhaq edilməsi”) münasibətilə ABŞ Konqresinin Reybern binasındakı otaqların birində keçirilmiş tədbir barədə, Dağlıq Qarabağ münaqişəsinin həllinə ABŞ Administrasiyasının münasibətinin nə dərəcədə dəyişməsi haqda sualları cavablandıraraq deyib: “Dağlıq Qarabağ məsələsi barədə ABŞ hökumətinin mövqeyi dəyişməyib. Konqresdə bu cür tədbirlər keçirə bilərlər, biz Konqresin işlərinə qarışa bilmərik, lakin mövqeyimiz dəyişməyib. Biz münaqişənin tənzimlənməsinə nail olmaq üçün bütün tərəflərə kömək etmək istəyirik və bunu həmişə demişik”.
O, daha sonra əlavə edib: “Bəzən bizim mövqeyimiz konqresdə deyilənlərlə üst-üstə düşmür”.
Məlum olduğu kimi, M.Harf Konqres barədə danışarkən 435 üzvü olan konqresin əksəriyyətinin yox, ermənipərəst əhval-ruhiyyəli bir neçə konqresmenin iştirak etdiyi tədbiri nəzərdə tutur. Sirr deyil ki, erməni lobbisi, o cümlədən “Amerika-erməni milli komitəsi” hər il “müstəqillik bayramı” münasibətilə konqres binasındakı otaqların birində şou təşkil edir və 435 konqresmenin, 100 senatorun hər birini həmin tədbirə dəvət edir, lakin oraya yalnız böyük erməni icmalarının mövcud olduğu ştatların seçki dairələrini təmsil edən bir neçə ermənipərəst qanunverici gəlir.
Erməni KİV-lərinin verdiyi məlumata görə, builki tədbirdə hər biri böyük erməni icması mövcud olan dairələri təmsil edən cəmi bir neçə konqresmen iştirak edib: ABŞ Konqresində erməni kokusunun həmsədri, antiazərbaycan fəaliyyəti ilə çoxdan məşhur olan Frenk Salon (Nyu-Cersi), Devid Siselin (Rod-Aylend), valideynlərindən biri erməni olan Anna Eqo, Bred Şerman, Cim Kosta, Cudi Çu, Denis Xaan, Linda Sançes (hamısı - Kaliforniyadan) və Kerri Bentivolio (Miçiqan).
ABŞ-ın qanunverici, məhkəmə və icra hakimiyyəti orqanlarının Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyi dəyişməz qalır. ABŞ Dağlıq Qarabağdakı oyuncaq rejimin müstəqilliyini tanımır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.