YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: Azərbaycan ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə və tezliklə həll olunması üçün daha böyük səylər göstərməsini gözləyir

«Azərbaycanın ABŞ-la normal münasibətləri mövcuddur, həm də bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi Azərbaycanın həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur. Bununla yanaşı, müxtəlif  zamanlarda bu dövləti təmsil edən ayrı-ayrı insanlar Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirirlər». Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən və bu proseslərin təhrif olunmuş şəkildə təqdimatından ibarət olan bu cür bəyanatlar Azərbaycan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənilir. Onun sözlərinə görə  bu cür yanaşmalar və bəyanatlar bütövlükdə Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərmir.

«Digər bir tərəfdən, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir və bütövlükdə Azərbaycanın ABŞ-dan gözləntiləri içərisində Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə və tezliklə həll olunması üçün daha böyük səylər göstərilməsi də var. Azərbaycana göndərilən yeni ABŞ səfirindən də başlıca gözləntimiz bundan ibarətdir ki, birincisi, münaqişənin tezliklə nizama salınması üçün həmsədr olaraq ABŞ səylərini daha da artırsın, enerjisini buraya sərf etsin, Azərbaycanı tənqid etməyə yox. İkincisi, yeni səfir öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və daha ədalətli informasiyalar təqdim etsin ki, ABŞ-ın ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatar ədalətsizliyi, qeyri-obyektivliyi və informasiya qıtlığı ilə fərqlənməsin»- deyə, YAP Sədrinin müavini vurğulayıb.