YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb (VİDEO)

Yanvarın 22-də “Bakı” kinoteatrında  33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülən  Hüseynbala Mirələmovun  seçicilərlə ilk görüşü keçirilib.

YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova ölkəmizin mühüm siyasi kampaniya-növbədənkənar parlament seçkiləri ərəfəsində olduğunu önə çəkərək  bildirdi ki,  xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, ən böyük siyasət dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, real işlərdir. Real işlər isə göz qabağındadır. Azərbaycan inkişaf edir, gündən-günə qüdrətlənir, müasirləşir, gələcəyə böyük inamla irəliləyir. 

Yeganə Qurbanova  namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  33 saylı  Xətai birinci seçki dairəsindən irəli sürülən  YAP Xətai rayon təşkilatının sədri   Hüseynbala Mirələmovun  ötən illərdə  millətin təmsilçisi kimi gördüyü işlərdən, partiyanın, eyni zamanda seçicilərin etimadını doğrultması istiqamətində göstərdiyi səylərdən,  bir vətəndaş kimi şəxsi keyfiyyətlərindən, yaradıcılıq fəaliyyətindən geniş bəhs edərək bildirdi ki, Hüseynbala Mirələmov fikrində, əqidəsində, inamında çox dönməz və ardıcıl  bir şəxsdir. 

Namizədin vəkili,  tibb elmləri doktoru, professor Vəsadət Əzizov H.Mirələmovun portretini seçicilərə belə təqdim etdi - Yüksək ixtisaslı mütəxəssis, böyük nüfuza malik olan  alim, tanınmış yazıçı, görkəmli ictimai-siyasi xadim,  fədakar  ziyalı, qayğıkeş, vətənpərvər, səmimi insan.

Vəsadət Əzizov bildirdi ki,  seçicilərinin hər bir təklifinə, müraciətinə böyük təmkinliklə yanaşan, onların həlli istiqamətində ciddi səylər göstərən Hüseynbala Mirələmov təmsil olunduğu partiyanın yaradıcısı,  ulu öndər Heydər Əliyevin ideyalarına,  irsinə, böyüklüyünə və ucalığına daim sədaqəti ilə tanınır, böyük nüfuz qazanıb.

Namizədin  vəkili  bir daha seçicilərə müraciət edərək onları qarşıdan gələn növbədənkənar parlament seçkilərində daha fəal olmağa, layiqli namizədə səs verməyə çağırdı.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli qeyd etdi ki,  seçici etimadını qazanan, daim seçicilərin arasında olan və onların qayğıları ilə  yaşayan H.Mirələmovun geniş təqdimata ehtiyacı yoxdur: “Onun  adı çəkiləndə hər kəsin gözü qarşısında  özünün yaradıcılığının əsas motivində dayanan vətənpərvər, yüksək insani keyfiyyətlərə, real baxışlara malik şəxsiyyət obrazı canlanır. Hər bir seçici  müraciətinin həllini tapması Hüseynbala Mirələmovun fəaliyyətinin əsasını təşkil edir. Seçici-deputat  münasibətlərinin lazımi səviyyədə qurulması,  səmimiyyətin, birliyin  yaradılması bu gün Hüseynbala Mirələmovun yenidən  parlamentdə təmsil olunacağına  əminliyi artırır”.

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin  sədri  Orxan  Bayramov namizədin gənclərə diqqət və qayğısından söz açıb: “Biz gənclərin üzərinə düşən əsas məsuliyyət 9 fevral növbədənkənar parlament  seçkilərində fəal iştirak edib, Hüseynbala Mirələmov kimi dövlətini, xalqını sevən namizədlərə  səs verməkdir”.

Seçici Çingiz İsmayılov Hüseynbala Mirələmovun yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  həllində vacib amillərdən olan həqiqətlərimizin təbliği istiqamətində   göstərdiyi səylərdən, cəbhə xəttində əsgərlərimizlə  görüşlərindən, onlarda qələbə ruhunu, sevincini yaşatmasından  geniş bəhs etdi. Bildirdi ki, belə Vətən oğulları ilə qürur duymalıyıq.

Filologiya elmləri doktoru, professor  Elman Quliyev  Hüseynbala Mirələmovun fəaliyyətinin yaradıcılıq istiqamətinə diqqəti yönəltdi. Vurğuladı ki, ərsəyə gələn hər bir əsəri, işıq üzü  görən hər bir kitabı  zəngin mənbədir. O mənbə ki, daim tariximizə, ədəbiyyatımıza,  milli-mənəvi dəyərlərimizə, ən əsası vətənpərvərlik ruhunun aşılanmasına bir çağırışdır.

Seçicilərdən Aidə Hüseynzadə,  Mənzər İsmayılova və başqaları çıxış edərək  Azərbaycanın xoşbəxt gələcəyi naminə  ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildirdilər. Onlar Hüseynbala Mirələmovun deputatlıq fəaliyyəti dövründə  seçicilərinə diqqət və qayğısından, problemlərinin həlli yönümündə gördüyü işlərdən danışaraq, belə namizədə dəstək olmağın vacibliyini önə çəkdilər.

Deputatlığa namizəd, YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor  Hüseynbala Mirələmov deputat olduğu illərdə   xeyli sayda qanunların hazırlanmasında və qəbul olunmasında  iştirakından,  seçiciləri ilə görüşlərindən, onların müraciətlərinə yüksək  dəyər verməsindən və onları lazımi səviyyədə cavablandırmasından geniş bəhs edərək  bildirdi ki, yeni dövrün tələblərinə uyğun olaraq parlamenti qarşıda daha böyük işlər gözləyir, yeni dövrün vəzifələri daha böyükdür: “Gələcəyə inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı,  Yeni Azərbaycan Partiyasının  iqtidar partiyası kimi fəaliyyəti, son 16 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanın  bugünkü uğurlarını təmin edən ən başlıca şərtlərdir. Azərbaycan  bu gün elə  bir inkişaf mərhələsinə  gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir. Vaxtilə  seçkilərə “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının bugünkü devizi   “Daha güclü Azərbaycan naminə”dir.  Bu gün Azərbaycanın hər bir vətəndaşı iqtisadi inkişafı özünün gündəlik həyatında hiss edir, qarşıdan gələn ilin ötən ildən daha uğurlu olacağına böyük inam  ifadə edilir”.

Hüseynbala Mirələmov bir daha vurğuladı ki, YAP-ın seçki proqramında əsas hədəflər öz əksini tapıb.  Həmin hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi əsasdır. Seçiciləri fəal olmağa çağıran H.Mirələmov  seçki hüququndan istifadə edib layiqli namizədə səs verməyin vacibliyini diqqətə çatdırdı. 

Yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşdə yüksək əhval-ruhiyyə bir daha onu göstərirdi  ki, xalq həmişə olduğu kimi, bu seçkilərdə də “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə   etimad göstərəcək.