YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib

Parlament seçkilərinin  təbliğat-təşviqat kampaniyası  çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü ilk olaraq çıxış edən YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, görüş iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu parlament seçkilərinin əhəmiyyətindən bəhs edib və diqqətə çatdırıb ki, ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir: “Ümumxalq partiyası olan, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı kimi xarakterizə olunan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə gedir. Burada məqsəd indiyə kimi qazanılan uğurları daha da artırmaq, müstəqil dövlətimizi bütün sahələr üzrə daha da gücləndirməkdir. Partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu məqsədlərə doğru inamla gedirik. “Daha güclü Azərbaycan naminə!” deyəndə partiyamız bu məqamları, xüsusilə milli və dövlət maraqlarımızın tələb etdiyi bütün hədəfləri nəzərdə tutur. Ona görə də, YAP artıq yeni inkişaf mərhələsində “Daha güclü Azərbaycan naminə!” şüarını yeni Azərbaycanımızın ən yeni tezisi kimi müəyyənləşdirib”.

Hikmət Babaoğlu həmçinin seçicilərə millət vəkili gördüyü işlər, özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib. O qeyd edib ki, millət vəkili kimi fəaliyyəti ərzində  vətəndaşlar tərəfindən ünvanımıza 118  şifahi və 97  yazılı müraciət daxil olub.  Qeydə alınan 215 müraciətdən 100 müraciət tam olaraq həllini tapıb, 60 müraciət qismən təmin edilib, 40 müraciət aidiyyəti qurumlara göndərilib və yerdə qalan müraciətlərlə bağlı lazımi izahatlar verilib.  “Seçki bir demokratiya yarışıdır. Mən inanıram ki, sizlər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəksiniz. Sizin qaldırdığınız məsələləri kimliyindən asılı olmayaraq, yalnız YAP kimi böyük nüfuza malik partiyanın nümayəndəsi həll edə bilər. Sizi 9 fevral seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz, parlamentdə yenə də sizin layiqli təmsilçiniz olacağam”.

Görüşdə digər çıxış edənlər ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur, məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.

Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.