YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb

Fevralın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda, ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunulub.

Komissar O.Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq, tədbir zamanı paraflanması təklifini irəli sürüb.

Görüşdə Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə nazir Elmar Məmmədyarov komissar Oliver Varheylini Azərbaycana dəvət edib. Öz növbəsində, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.