YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil qırıcılar üçün pilotlar hazırlayacaq

Azərbaycanın İtaliyadan aldığı "M 346" uçuş təyyarələri ölkədə 5-ci nəsil qırıcılar üçün uçuş pilotlarının hazırlanmasına şərait yaradacaq.

Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu təyyarələr müasir təlimlər üçün çox əlverişlidir: "Cənab Prezident İlham Əliyev son müşavirələrinin birində bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ən müasir hərbi texnikalarla təmin ediləcək. Biz artıq bunun şahidi oluruq. Prezident İlham Əliyev Belarusda olanda hava hücumundan müdafiə sistemləri ilə bağlı memorandum imzalandı. İndi də belə bir sənəd İtaliya səfəri çərçivəsində "M-346" təyyarələri ilə bağlı imzalanıb".

Hərbi ekspert qeyd edib ki, bu təyyarələr dünyada ən müasir tələblərə cavab verən təyyarədir:

"M-346" uçuş təyyarələri 2012-2013-cü illərdən istehsala buraxılıb. Təyyarələr pilotların hazırlanması üçün təlim uçuşları məqsədilə alınıb və dünya standartlarına tam cavab verən müasir avadanlıqlarla təchiz olunub. Təyyarədəki avadanlıqlar həm təhlükəsizlik baxımından, həm də müasir təyyarələrdəki parametrlərə uyğun hazırlanıb. Hətta İsrail pilotları da bu təyyarələrlə uçuşa hazırlanır. Azərbaycan pilotlarının bu təyyarələr vasitəsilə uçuşa hazırlanması bizim üçün çox vacibdir".

Qeyd edək ki, "M-346" İtaliya, İsrail, Sinqapur və Polşa ordularında təlim-döyüş təyyarəsi olaraq istifadə olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo imzalayıblar.