YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)

2020-ci il - “Könüllülər ili” çərçivəsində “Könüllülərlə maariflənək” şüarı altında Yeni Azərbaycan Partiyasının və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə YAP könüllüləri Gürcüstanda yaşayan soydaşlarımızın istəyini nəzərə alaraq “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib.

Bu məqsədlə fevralın 22-də YAP İcra Katibliyində keçirilən tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb. Onun sözlərinə görə, YAP Gənclər Birliyi “Könüllülər ili” çərçivəsində paytaxtda və regionlarda müxtəlif tədbirlərin keçirilməsini nəzərdə tutur. S.Orucov təqdim olunan layihənin də gənclər tərəfindən maraqla qarşılanacağına inandığını söyləyib.

YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov aksiya haqqında ətraflı məlumat verib. O bildirib ki, Gürcüstanda yaşayan gənc soydaşlarımız üçün bir ay ərzində 500 adda 2000 nüsxə kitab toplanıb. Bu kitablar Azərbaycan dilində nəşr olunmuş yerli və dünya ədəbiyyatını, dərslikləri və uşaq ədəbiyyatını əhatə edir.

M.Həsənovun sözlərinə görə, ilk mərhələdə fevralın 23-də 800 nüsxə kitab Tbilisidə 64 saylı Azərbaycan məktəbinin kitabxanasına təhvil veriləcək. Bu aksiya davamlı olacaq. Layihənin məqsədi odur ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlı gənclər özlərini yalnız hiss etməsinlər, Azərbaycan gəncliyi hər zaman həmrəy olsunlar.

Tədbir daha sonra diskussiya şəklində davam edib.