YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib

Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyasının könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” layihəsi həyata keçirir.

Layihə çərçivəsində bu gün Yeni Azərbaycan Partiyası (YAP) könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə Azərbaycan bölməsinin də fəaliyyət göstərdiyi 64 saylı ictimai məktəbə təhvil verilib.

Layihənin rəhbəri YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov 100-ə yaxın kitabı məktəbin direktoru Tamar Mamsikaşviliyə təqdim edib. M.Həsənov kitab aksiyası barədə məlumat verib. O bildirib ki, Azərbaycanda “Könüllülər ili” çərçivəsində təşkil olunan aksiya davam edir. Layihə rəhbərinin sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən tədrisi Azərbaycan dilində olan digər təhsil ocaqlarına da kitablar hədiyyə olunacaq: “Layihənin məqsədi Gürcüstanın azərbaycanlı yeniyetmə və gəncləri arasında Azərbaycan dili və ədəbiyyatının təbliğidir”.

Məktəb direktoru layihəni müsbət qiymətləndirib. Onun sözlərinə görə, məktəb kitabxanasının yeni nəşrlərlə zənginləşdirilməsi məqsədilə bir neçə layihə təşkil olunur: “Azərbaycandan göndərilən kitabları böyük məmnuniyyətlə qəbul edirik. İnanıram ki, bu kitablar məktəbimizin azərbaycanlı şagirdləri üçün dəyərli vəsaitlər olacaq”. T.Mamsikaşvili bildirib ki, məktəbdə, ümumilikdə, 1400 uşaq, Azərbaycan bölməsində isə 110 uşaq təhsil alır.

Təhsil müəssisəsinin dərs hissə müdiri Gülnaz Ağayeva və müəllimi Ceyran Qurbanova da kitablara görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, “Könüllülərlə maariflənək” şüarı altında Azərbaycanda toplanan kitabların bir qismi ötən gün Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbə təqdim olunub. Aksiya “Azərkitab” və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilib. Hər iki məktəbə, ümumilikdə, 500-dən çox kitab hədiyyə olunub.