YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin hazırladıqları məkrli planın tərkib hissəsi idi

“XX əsrin sonunda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, tarixən Ermənistan ərazisində yaşayan azərbaycanlıların doğma torpaqlardan zorakılıqla və kütləvi qovulmasını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və işğalçılıq siyasətini həyata keçirmək məqsədi ilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 1980-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Dağlıq Qarabağı işğal etmək üçün məqsədyönlü şəkildə işləyib hazırladıqları məkrli planın tərkib hissəsi idi”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu. onun sözlərinə görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı müəyyən edilmişdir ki, 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən hadisələrin kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının erməni millətçi hərəkatı üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənləri isə cəzalandırmaq qərarına gəldikləri, elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olmaları haqda fikirlər təsdiqini tapmışdır.

Bununla yanaşı, istintaqla 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin kütləvi şəkildə çıxarılması müəyyən olunmuşdur. 1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülmüş və həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Faktlar sübut edir ki, törədilmiş talanlar təsadüfi olmamışdır.

“Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan imkansız ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldan istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur. Yəni Sumqayıtda da baş verəcək hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmış və yerli ermənilər xəbərdar edilmişdi.

Bununla yanaşı, baş vermiş talan və qətllərdə erməni millətindən olanlar xüsusi tapşırıqla “fəallıq” göstərmiş, öz millətindən olanlara amansızlıq etmişlər. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. Belə ki, istintaq materiallarının araşdırılması zamanı bir sıra mühüm məqamlar ortaya çıxdı. Sənədlər təsdiq edir ki, Eduard Qriqoryan və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 ermənini qətlə yetirmişdir.

Erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülmüş, sonradan azadlığa buraxılmış və hazırda Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində yaşamaqda davam edir”-deyə, E.Əhmədov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv