YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Polşa şirkətlərinin təcrübəsi sənaye mərkəzlərinin, texniki parkların yaradılmasında böyük əhəmiyyət kəsb edə bilər

Polşa sahibkarları yeyinti, işlənmiş mühərrik yağlarının yenidən emalı, tikinti materiallarının istehsalı, gəmiqayırma, dəmiryolu, elektrik şəbəkələrinin modernləşdirilməsi sahələrinə ciddi maraq göstərirlər.
Bu barədə Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə dekabrın 15-də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda bildirilib.
Hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarının iştirakı ilə təşkil edilən biznes forumda Azərbaycan iqtisadiyyatının inkişafı, əlverişli investisiya mühiti və uğurları barədə məlumat verilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurlar və hazırda Prezident İlham Əliyevin bu siyasəti müvəffəqiyyətlə davam etdirdiyi diqqətə çatdırılıb.
İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri, energetika naziri Natiq Əliyev ölkələr arasında dostluq əlaqələrinin əsrlərdən bəri mövcud olduğunu vurğulayaraq, müstəqillik dövründə xalqlarımızın qardaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldiyini deyib. Nazir bildirib ki, ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə - neft, qaz, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət və digər ikitərəfli münasibətlərin durumu çox yüksək səviyyədədir. “Polşa sahibkarları yeyinti, işlənmiş mühərrik yağlarının yenidən emalı, tikinti materiallarının istehsalı, gəmiqayırma, dəmiryolu, elektrik şəbəkələrinin modernləşdirilməsi sahələrinə ciddi maraq göstərirlər. Hesab edirəm ki, Polşa şirkətlərinin təcrübəsi Sumqayıtda və başqa regionlarımızda tikilməsi nəzərdə tutulan sənaye mərkəzlərinin, texniki parkların yaradılmasında böyük əhəmiyyət kəsb edə bilər”, - deyə qeyd edib.
Hökumətlərarası komissiyasının Polşa tərəfdən həmsədri Yanuş Pexoçinski ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın daha da yaxşılaşdırılması yollarından danışıb. Polşalı nazir iş adamları arasında keçirilən görüşlərin və biznes forumların xüsusi əhəmiyyəti olduğunu deyib: "Belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcək. Hazırda 550 Polşa şirkəti Azərbaycanla əməkdaşlıq edir".
Bildirilib ki, Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əlaqələr 1993-cü ildən etibarən sürətlə genişlənməyə başlayıb. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində onlarla sənəd imzalanıb. Azərbaycanın iqtisadi əlaqələrini möhkəmləndirdiyi ölkələr içərisində Polşanın özünəməxsus yeri var. Belə ki, bir çox Avropa ölkələri kimi Polşa da “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla əlaqələrə böyük önəm verən ölkələrdəndir.
Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında AZPROMO rəhbəri Rüfət Məmmədov, Polşanın biznes mühiti ilə bağlı Dövlət İnkişaf Bankının xarici ticarətin dəstəklənməsi departamentinin eksperti Karol Rozenberg təqdimatlarla çıxış ediblər.
Sonda iş adamları arasında görüşlər təşkil olunub.