YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Malta arasında iki sənəd imzalanıb

Dekabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Malta Respublikasının Baş naziri Cosef Muskat ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Maltanın Baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Azərbaycanın Baş naziri Artur Rasizadə bildirib ki, təkbətək görüşdə bir çox vacib məsələlər müzakirə olunub. Azərbaycanın iqtisadi inkişafı, regionda baş verən proseslər haqqında həmkarını məlumatlandırdığını bildirən Artur Rasizadə, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı layihələr barədə danışıb. Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, bu münaqişə nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan artıq azərbaycanlının ata-baba yurdundan didərgin salındığı qonaqların diqqətinə çatdırılıb.
Baş nazir Artur Rasizadə maltalı həmkarının Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün hüquqi bazanın yaradılması baxımından əhəmiyyətini vurğulayıb. Baş nazir bu səfərin gələcəkdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib.
Cosef Muskat ölkələrimiz arasındakı münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan Malta üçün vacib ticari tərəfdaşa çevrilir. İki ölkə arasında imzalanan sənədlər əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkan yaradır.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalayıblar.
Eyni zamanda, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Natiq Əliyev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalayıblar.