YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycanın daxili və xarici siyasətinin təməlində milli maraq dayanır

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ANS-in “Hesabat” proqramının aparıcısı Mir Şahin Ağayevə müsahibə verib. AzərTAc –a istinadən müsahibənin mətnini təqdim edirik.

- Əli müəllim, son zamanlar Azərbaycanda sabitliyin ayrı-ayrı fərdlər səviyyəsində pozulması hallarına rast gəlirəm. Ayrı-ayrı fərdlər! Dövlət nümayəndələrinə, polis əməkdaşlarına hücumlar olur. Sanki, bu əməlləri törədən insanların yadından 1991-1992-ci illərin qarışıq vaxtları çıxıb? İstəyirəm bu məsələlərə münasibətinizi bildirəsiniz. Bütün bunlar nəyin nəticəsidir?
- Bilirsiniz, zaman keçdikcə əlbəttə nəsillər də dəyişir, nəsillər dəyişdikcə keçmişin o çətin, ağır günləri, o qarmaqarışıq anarxiya, xaos dövrü də unudulur. Ona görə də bu sabitlik məsələsinə yeni nəslin münasibəti bəzən bizi təəssüfləndirir. Dediyiniz kimi, ayrı-ayrı fərdlər. Ayrı-ayrı fərdlərin birləşdiyi kiçik qruplar, ayrı-ayrı beynəlxalq dairələrin anti-Azərbaycan qüvvələrinə bağlı insanlar və onların təmsil etdiyi kiçik təşkilatlar belə cəhdlər göstərirlər. Amma bu cəhdlər yalnız könül bulandırmağa yetir. Çünki, dövlət, təkrar edirəm, çox güclüdür. Dövlət öz daxili həyatına, ictimai həyat normalarına nəzarət edə bilir, onların pozulmasının qarşısını ala bilir, qanunlarımız işləyir, hüquq-mühafizə orqanları ayıq-sayıqdır. Belə bir şəraitdə düşünmürəm ki, onlar istədiklərinə nail ola bilərlər.
- Xüsusilə bu halların təhlükəliyini nədə görürəm. Yəqin Siz də mənlə razılaşarsız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşmalar var. Məscidə od vururlar və yaxud haradasa bu istiqamətdə hansısa addımlar atılır. Mən düşünürəm ki, xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılova faktoru əsasında təzyiqlərin artması zəminində bu proseslərə yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız yaranır.
- Administrasiyadan bu məsələlər necə görünür? Deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında durur, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttə bu, belə deyil. Azərbaycan vətəndaşı firavan, sabit, normal bir həyat yaşamağa meyllidir. Bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşayiət edirik. Azərbaycanda mövcud dini cərəyanlar da, bilirsiniz ki, Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər. Bunların içərisində həm adını çəkdiyiniz vəhabilər də var, bunların içərisində deyək dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətinin sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə, Azərbaycan dövlətinin sabitliyində maraqlı olan qüvvələr, dövlətlər də var. Azərbaycanın tərəfdaşları var, dünya birliyinin Azərbaycan ilə sabit əlaqələrində maraqlı olan üzvləri var. Lakin Azərbaycanın sabit inkişafında maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsi ilə nəyəsə nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olamayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və s. Təkrar edirəm, bunlar Azərbaycan vətəndaşlarının qəlbindən gələn və onların həyatına, davranışlarına uyğun hadisələr deyil.
- Əli müəllim, bir sual da yaranır. Sizin dediklərinizdən çıxış edərək demək istiyirəm. Son zamanlar fikir verirəm, rəsmi informasiya vasitələrində, xüsusilə Azərbaycanın Qərblə münasibətlərində elə bil ki, tonallıq dəyişir. Yəni, biz əvvəllər Qərblə mükalimələrdə, polimikalarda sübut etməyə çalışırdıq ki, bizim insan haqları, söz azadlığı, onların pozulması ilə bağlı bir problemimiz yoxdur. Tutarlı arqumetlər, dəlillər gətirirdik və qarşı tərəfə sübut edirdik ki, bizdə vəziyyət yaxşıdır. İndi isə sanki kənardan belə görünür – xüsusilə də Amerika Birləşmiş Ştatlarında Ferquson hadisələri və digər bir günahsız insanın ölümündən sonra elə bil Azərbaycan sübut etmək istəyir ki, bütün dünya, o cümlədən də Amerika Birləşmiş Ştatlarına və Qərbə baxın, sizdə də vəziyyət pisdir. Yəni, biz məqsəd olaraq prioritetlərimizi dəyişmirik ki? Yəni biz öz əsas hədəfimizdə qalırıqmı? Yenə də insan haqlarını qorumalıyıq, söz azadlığını qorumalıyıq yoxsa, sakitləşməliyik. Onsuz da dünyanın ən qabaqda gedən ölkəsində belədirsə, deməli pis olaraq da qala bilər hər şey?
- Biz uzun müddətdir dünyaya sübut etmək istəyirdik ki, Ermənistan təcavüzkardır, biz isə təcavüzə məruz qalan. Elə bilirdik dünya, Avropa Şurası, ATƏT, NATO, ABŞ bilmir. Minsk qrupunun həmsədr ölkələri bizə elə gəlirdi ki, bunu bilmir. Amma 10 illər keçəndən sonra görəndə ki, onlar bunu çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Ermənistan-Azərbaycan torpaqlarını işğal edib. Çox gözəl bilirlər ki, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etmək lazımdır. İşğalçı dövlətə qarşı beynəlxalq hüququn gücünü göstərmək lazımdır. Bunlar məsələdən yayınırdılar. Ukrayna hadisələri fonunda və yaxud da ondan qabaq – Liviyada, Livanda, Suriyada, Misirdə həmin bu Təhlükəsizlik Şurasının, həmin o Amerika Birləşmiş Ştatlarının, Qərb dövlətlərinin dünya müdiriyyəti hesab olunan BMT-nin qətiyyətli mövqelərini biz görəndən sonra başladıq biz də bunların üzərinə getməyə ki, axı sizə indiyə qədər biz deyirdik ki, Dağlıq Qarabağı ermənilər işğal edib, onları dəstəkləyən qüvvələr var. Nəyə görə indiyə qədər işğalçı Ermənistanın separatçı rəhbərlərinə qarşı sanksiya tətbiq olunmayıb? Nəyə görə, indiyə qədər Dağlıq Qarabağa gediş-gəliş dünyada qadağan olunmayıb? Niyə Ukraynada tətbiq olunan sanksiyalar – Dağlıq Qarabağ və onun separatçı rejiminə qarşı tətbiq olunmur? Məhz bunları biz görəndən sonra başladıq Qərblə öz dilində danışmağa. Biz hazırda ABŞ-la, Qərb institutları ilə, xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o qədər lazımsınız. Bizə dərs verirlər. Bizi öyrədirlər. Biz artıq o öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan hüquqları nədi. Biz deyirik, əgər insan hüquqları doğurdan da bu dairələr üçün belə dəyərlidirsə, buyursunlar Dağlıq Qarabağdan 10 illərdir ki, didərgin salınmış bir milyon insanın adi milli vətəndaş hüquqlarını bərpa etsinlər. Ən azından onların öz yerlərinə qaytarılmasını təmin etsinlər.
- O vaxtlar belə bəyanatlar səslənirdi ki, Azərbaycan Avro-Atlantik strukturlara inteqrasiya etməlidir. Bizim yolumuz belədir və sair və ilaxır. İndi hansısa bir dəyişiklik var, yoxsa xətt həmin xətdir, sadəcə olaraq korrekturovkalar edirsiniz?
- Bilirsiniz, Azərbaycanın daxili və xarici siyasətinin təməlində milli maraq dayanır. Hansısa struktura inteqrasiya olunmaq, hansısa strukturdan uzaqlaşmaq, hansısa digər bir strukturla birləşmək və yaxud da onun tərkibinə daxil olmaq Azərbaycan dövləti və Azərbaycan dövlətinin təmsil etdiyi Azərbaycan xalqının maraqlarında ali məqsəd deyil, vasitədir. Ali məqsəd Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etməkdir, ərazi bütövlüyünü təmin etməkdir. İşğal olunmuş əraziləri azad etməkdir, Azərbaycan xalqını firəvan həyatla təmin etməkdir, işsizliyi , sosial problemləri aradan qaldırmaqdır. Eyni zamanda, insanları mənzillə təmin etməkdir və s. Bütün bunlar Azərbaycan dövlətinin qarşısında duran, Prezident İlham Əliyevin qarşısında duran ali vəzifədir. Ali vəzifəyə çatmaq üçün biz əlbəttə vasitələr seçirik. Vasitələrdən biri Qərb dövlətləri ilə münasibətlər yaratmaq və onlarla iqtisadi gücü birləşdirməkdir. Digər hansısa bir dövlətlə təhlükəsizlik maraqlarını birləşdirib, təhlükəsizliyi təmin etmək, ərazi bütövlüyü sahəsində tərəfdaş münasibət yaratmaq və ilaxır və s. Biz görəndə ki, bizim maraqlarımıza - konkret olaraq bu bölgədə, bu dövlətlərlə tərəfdaş olmaq, digər dövlətlərlə rəqabət yaratma sərf edirsə, əlbəttə ona gedirik. Təkrar edirəm, dövlətin daimi marağı var. Dövlətin daimi dostu, daimi düşməni olmur.
- Azərbaycan dövləti son zamanlar öz tənqidlərində daha kəskin, daha birbaşa, daha cəsarətlidir. Hətta ABŞ-ın tənqid olunması Azərbaycan dövlət strukturları, ideoloji aparatının insanlarından ötürü bu gözlənilməz hal deyil. Amma bir şey maraqlandırır məni. Biz heç bir vaxt Rusiyanı, İranı bu dərəcədə açıq və birbaşa kəskin bir şəkildə tənqid etməmişik.
- Onlar da bizi tənqid etmirlər, məhz ona görə. Bilirsiniz tənqid, təkrar deyirəm, prinsiplərə söykənməlidir. Əgər doğrudan da Azərbaycanda Qərbin dəyərləri olan demokratiya insan hüquq və azadlıqları, söz adlığı, mətbuat azadlığı, ərazi bütövlüyü, insanların təhlükəsizliyi, bu məsələ doğrudan da bütün dünyada Azərbaycanda olduğu kimi, təbliğ olunursa, qorunursa, onlarda hansısa bir dairə bizi tənqid edirsə normal yanaşırıq. Amma davamlı bir şəkildə olmayan bir şeyi bizə məcbur edib qəbul etdirmək istəyirlər. Amma özlərinə aid olan hüquqlardan, belə deyək, vaz keçirlərsə, əlbəttə biz onlara cavab veririk. Rusiya da, İran da bizimlə daxili işlərə qarışmamaq prinsipi əsasında, o cümlədən Çin Xalq Respublikası və digər dövlətlərlə münasibətlər qurubdur. Biz bir-birimizə tövsiyələr verə bilərik. Biz bir-birimizə hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib etməmək o dövlətin öz işidir.

 

DİGƏR Xəbərlər Arxiv