YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

Martın 6-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda YAP İdarə Heyətinin 2019-cu ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2019-cu ilə dair illik statistik hesabat, partiyanın 2019-cu il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2020-ci ilin mart ayına dair iş planı müzakirə olunaraq qəbul edilmişdir. 

İdarə Heyətinin iclasında 2019-cu ildə cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların, Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, 2019-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisələrdən biri ölkəmizdə Bələdiyyə seçkilərinin keçirilməsi və Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2020-ci il 9 fevral tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq işlərinin başlanması olmuşdur.  

Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu ildə keçirilən Bələdiyyə seçkilərinə hazırlıq işlərini və bütövlükdə seçki kampaniyasını çox uğurla başa çatdırmış, təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilmişdir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkiləri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə inam və dəstəyinin növbəti və möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti  Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi. Nəticədə, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq 10432 bələdiyyə üzvü mandatına sahib oldu.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2020-ci il  fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi barədə 5 dekabr 2019-cu il tarixli Sərəncamından dərhal sonra seçki hazırlıqları prosesinə start vermiş, qısa zaman ərzində bütün yerli təşkilatlarda seçki qərargahları yaradılmış, seçki qanunvericiliyinin tələblərindən irəli gələn tədbirləri həyata keçirmişdir.   Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir. 

Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu istiqamətdə mühüm görüşlər keçirilmişdir.

Hesabatda daha sonra qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də  davam etmiş, bu dövr ərzində 26 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 756 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İdarə Heyətinin iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 10 668 284 manat olmuşdur. Bunun 9 309 025  manatını üzvlük haqları, 1 359 259 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyə xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına,  214 214 manatı təmir işlərinə, 481 232  manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilmişdir.