YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Azərbaycan Hökuməti 2019-cu ildə qarşıda duran bütün vəzifələri uğurla icra edib

“Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. 2019-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib, ictimai-siyasi sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Buna görə də 2019-cu ildə əldə olunan iqtisadi uğur və dəyişiklikləri bir neçə istiqamətdə qruplaşdıra bilərik. Birinci qrupa sosial istiqamətdə atılan inqilabi addımlar, ikinci qrupa kölgə iqtisadiyyatına qarşı tədbirlər, üçüncüyə iqtisadiyyatı idarəetmə mexanizmində struktur və kadr dəyişiklikləri, dördüncü qrupa isə qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlər daxildir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, ötən gün Milli Məclisin iclasında Baş Nazirin 2019-cu il üzrə hesabatından da göründüyü kimi, 2019-cu ildə ümumilikdə, iqtisadi-sosial artım müsbət dinamikaya malik olub. Həyata keçirilən davamlı islahatlar sayəsində ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1.9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb.

Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. 2019-cu ildə sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib. 2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olub. Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir.

Sadaladığımız islahatlarla yanaşı, 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirmiş, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.

“Bütün bu göstəricilərə görə bu gün dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Təbii ki, bu kimi faktlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlarla başa vurur”-deyə, A.Məmmədov vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv