YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.
“Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir”, - deyən Prezident İlham Əliyev futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən dövlətimizin başçısı London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr göstərdiklərini vurğuladı. Qeyd etdi ki, öz növbəsində dövlət də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu - Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.
Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirdi. “Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”, - deyən dövlətimizin başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını vurğuladı. Qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının “Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, dövlətimizin başçısının diqqət və qayğısı onların gələcək işlərində mühüm stimul olacaq. Qurban Qurbanov komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə etdi.
“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini dedi. Son hadisə ilə bağlı Avropa futbol ictimaiyyətində də  böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir Gözəl “Qarabağ” futbol klubuna, ümumilikdə ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Tahir Gözəl dövlətimizin başçısına klubun xatirə hədiyyələrini təqdim etdi.
Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü dedi. “İdman indi dünyada ictimai fenomendir”, - deyən dövlətimizin başçısı gələn il ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirdi. 2020-ci ildə isə Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu deyən Prezident İlham Əliyev bir daha komandanın üzvlərini təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.