YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov UNICEF-in ölkəmizdə yeni təyin olunmuş nümayəndəsi Andro Şilakadze ilə görüşüb

Dekabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov UNICEF-in ölkəmizdə yeni təyin olunmuş nümayəndəsi Andro Şilakadze ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, A.Şilakadze ölkəmizdə fəaliyyət göstərdiyi iyirmi il ərzində UNICEF ilə Azərbaycan hökuməti arasındakı faydalı əməkdaşlıq imkanlarından danışıb. Beynəlxalq qurumların fəaliyyəti üçün yaradılan işgüzar şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirən A.Şilakadze UNICEF tərəfindən hazırlanan qarşıdakı 2016-2020-ci illər üçün ölkəmizlə əməkdaşlıq üzrə yeni proqram barədə ətraflı məlumat verib.
Baş nazirin müavini Əli Əhmədov ötən müddət ərzində həqiqətən bu mötəbər beynəlxalq qurumun ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Xüsusən müstəqilliyini bərpa etdikdən sonra respublikamızda səhiyyə sisteminin daha da təkmilləşdirilməsi, zəruri islahatların aparılması, həmçinin uşaqların sağlamlığının qorunması, immunlaşma, bərpa, qidalanma və s. proseslərin həyata keçirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə UNICEF-in Azərbaycan ilə gələcək əməkdaşlıq üçün təklif etdiyi yeni proqramın prioritetləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.