YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin iclası öz işinə başlayıb

Dekabrın 18-də Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası öz işinə başlayıb.
Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin nümayəndələrinin iştirak etdikləri tədbiri xarici işlər naziri Elmar Məmmədyarov açıb.
Bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu il ölkəmizdə UNESCO üzrə Milli komissiyanın yaradılmasının 20 illiyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası da Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur. 20 ildir ki ölkəmiz UNESCO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulmuş, müxtəlif komitələrinin üzvü olmuş, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi etmişdir.
İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Azərbaycanın UNESCO ilə ən vacib istiqamətlərdə sıx əməkdaşlıq etdiyini deyən natiq ölkəmizin bu sahədə bütün konvensiyalara qoşulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün ən mühüm məkana çevrilib. Hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dünyanın nüfuzlu təşkilatlarının rəhbərləri, həmçinin Nobel mükafatçıları iştirak edirlər. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə də nüfuzlu qurumlar təmsil olunurlar.
Sevinirik ki, eyni qədim tarixə, kökə mədəniyyətə malik olan xalqlarımız bir-birinə yaxınlaşır. Bu işdə türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da müvafiq istiqamətdə əməkdaşlığa öz töhfəsini verəcək.
Vurğulanıb ki, Azərbaycan-UNESCO əlaqələrinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusilə diqqətəlayiqdir.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsein Kaseinov bu tədbirin Bakıda keçirilməsini məmnunluq hissi ilə qeyd edib. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən D.Kaseinov TÜRKSOY-un fəaliyyətinin UNESCO-nun ideya istiqamətlərinə uyğun olduğunu bildirib. Vurğulayıb ki, bu təşkilatın fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. İki gün davam edəcək iclasda aparılacaq müzakirələr müvafiq sahədə əməkdaşlığa öz töhfəsini verəcək.
Sonra TÜRKSOY-un baş katibi tərəfindən Azərbaycan tərəfinə xatirə hədiyyələri təqdim olunub.
Açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti oxunub.
Müraciətdə Azərbaycan UNESCO əlaqələrinin geniş istiqamətlərdə inkişafı, bu əlaqələrdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunub. Vurğulanıb ki, Azərbaycanın bu möhtəşəm tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir. Bu iclas müvafiq komissiyalar arasında mədəniyyət, elm, təhsil sahəsində vacib addımların atılması üçün daha bir fürsətdir.
Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digərlərinin çıxışlarında ölkəmizin UNESCO-nun tədbirlərində fəal təmsil olunmasından söhbət açılıb və iclasın işinə uğurlar arzulanıb.
Dekabrın 19-dək davam edəcək tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd “dəyirmi masa” keçiriləcək.
 

DİGƏR Xəbərlər Arxiv