YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: İnsanlar din haqqında ətraflı bilgi əldə etməlidir

«Azərbaycan xalqı çox böyük tarixi yol keçib, tariximiz çox qədimdir. Xalqımız İslama qədər də müəyyən dini dünyagörüşünə malik olub. Biz VII əsrin ortalarından İslamı qəbul edən xalqıq. Bu gün dünyada 60-a qədər ölkədə İslam aparıcı din olaraq mövcuddur. 57 ölkə İslam Əməkdaşlıq Təşkilatında birləşir və  Azərbaycan İƏT-də öz mövqeyi olan dövlətlərdən biridir». Bu fikirləri yap.org.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, 4 faizi isə  müxtəlif dinlərin daşıyıcısıdır. Onun sözlərinə görə, bütövlükdə götürəndə biz digər müsəlman ölkələrindən dünyəviliyimizə görə fərqlənirik.

«Bizim ərazimizdə nə qədər təbliğat aparsalar da, yad təsirlər ərazimizə müəyyən qədər müdaxilə etsə də, hər hansı ciddi problem yoxdur. Yad təsirlər mədəniyyətimizə, incəsənətimizə, dinimizə müdaxilədə özünü göstərir. Amma nə qərb mədəniyyətinin mənfi çalarlarının, nə də dini xurafatın burada kökü yoxdur. Bu da cəmiyyətimizin dünyagörüşünün, intellektinin yüksək olmasının göstəricisidir.  Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam cəmiyyət və savadlı olmaq din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.