YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda videokonfrans formatında tədbir keçirilib (VİDEO)

Mayın 7-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov çıxış edərək tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunduğunu bildirib. Əli Əhmədov Ulu Öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb və qeyd edib ki, Heydər Əliyev Özünün çoxillik və çoxşaxəli fəaliyyətinin başlıca mənasını və  qayəsini müstəqil Azərbaycan dövlətinin qurulmasından ibarət olduğunu hesab edib.

YAP Sədrinin müavini deyib ki, Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Əli Əhmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər faktlar söyləmək mümkündür: “1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra respublikamızda sürətli inkişaf başladı. 1969-cu ildən sonra Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan tamamilə dəyişdi, özünə inamı artdı, dinamik inkişaf yoluna çıxdı və xalq öz gələcəyinə inamla baxmağa başladı. Eyni zamanda, o dövrdə Heydər Əliyevin siyasəti nəticəsində milli iradənin güclənməsi Azərbaycanın gələcək müstəqilliyinə gedən yolun  əsaslarını təşkil edirdi. Tarix Ulu Öndər Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. 1990-cı illərin əvvəlində respublikamızda total böhran hökm sürürdü, o vaxtkı hakimiyyət Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətə çevrildi. O zamana qədər xalq Heydər Əliyevi qurucu lider kimi qəbul edirdisə, bu dəfə Ulu Öndər xilaskarlıq missiyasını  yerinə yetirdi. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu Öndərin hakimiyyyətə qayıdışından sonra Onun  qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi, “Əsrin müqaviləsi” kimi tarixi sənəd imzalandı”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışarkən Baş Nazirin müavini deyib ki, Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. “10 il ərzində Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövlətinin əsasları möhkəm təməllər üzərində quruldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman anılır. Azərbaycanın ayrı-ayrı sahələrinin inkişafında Heydər Əliyevin nişanələri görünür. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”, - deyə o vurğulayıb.
Əli Əhmədov bildirib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. 2008-2009-cu illərdə baş vermiş  iqtisadi böhran demək olar ki, Azərbaycana təsir etmədi. Eyni zamanda, bugünümüzdə baş verən koronavirus pandemiyası ilə əlaqədar da Azərbaycan dünyada ən az itkilərə məruz qalan ölkələrdən biridir. Belə ki, COVID-19 infeksiyasına dünyada hər 1 milyon insana düşən yoluxmanın sayı 450 nəfərdirsə, bu göstərici Azərbaycanda 200-ə yaxındır. Ölüm sayına görə dünyada hər 1 milyon insana düşən göstərici 33-ə bərabərdir. Azərbaycanda isə bu göstərici daha yaxşıdır, cəmi  2.6 nəfərdir. Beləliklə, Azərbaycanda  vəziyyət dünya göstəricilərindən 15 dəfə yaxşıdır. Bütün bunlar dövlətimizin, Prezidentimiz İlham Əliyevin insanlarınn təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir”.

Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin əsasları o qədər güclüdür ki, kənar təsirlərə müqavimət göstərmək immuniteti kifayət qədər möhkəmdir. O, ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndərin əsasını qoyduğu siyasətin dayandığını vurğulayıb. YAP Sədrinin müavini  deyib ki, Azərbaycan bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir. “Heydər Əliyevin ideyaları, əsasını qoyduğu ənənələr, müəyyənləşdirdiyi siyasət Azərbaycan xalqına xidmət edir. Bu ideyalar və ənənələr daim yaşayacaq, müstəqil Azərbaycan dövlətinin uğurlarının fövqündə dayanacaq”.
Videokonfrans formatında keçirilən tədbirdə həmçinin, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və  Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi misilsiz xidmətlərindən və Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursu layiqincə  davam etdirən Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs ediblər.