YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirib (VİDEO)

Mayın 8-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanda  dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. S.Orucovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır.

Tədbirdə həmçinin Milli Məclisin deputatları  Kamal Cəfərov, Elnur Allahverdiyev, Cavid Osmanov, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov və YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Nuranə Məmmədova  çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndərimiz tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti ilə bağlı mühüm qərarların verilməsi, eləcə də, “Gənclər siyasəti haqqında” qanunun qəbul olunması Ulu Öndər Heydər Əliyevin gəncliyimizə verdiyi dəyərin ifadəsidir.

Qeyd edilib ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında dahi liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirilib. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə də Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynayıb. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir.