YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Azərbaycan insan alverinə qarşı mübarizədə mühüm beynəlxalq sənədlərə qoşulub

“Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ildə BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib”. Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb, Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsi təsis olunub.

“İnsan alverinə qarşı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formalarını təşkil edir”-deyə, komitə sədri vurğulayıb.