YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda - XX əsrin əvvəllərində istiqlaliyyətinə qovuşub.

Bunu, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Ölkəmizin paytaxtı Bakının bolşevik rejiminin əlində olduğu üçün Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar Gürcüstanın paytaxtı Tiflis şəhərində qəbul edilib. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər.

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. İyunun 17- də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Eyni zamanda Cümhuriyyət tarixinin ən məhsuldar dövrünü Gəncədə yaşandı. 3 ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldıldı. Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti də məhz Gəncədə işıq üzü gördü. 1804-cü ildən adı dəyişdirilən şəhərin tarixi adı özünə qaytarıldı. Qaryagin qəzası Cəbrayıl qəzası adlandırıldı, Ağdaşa şəhər statusu verildi, Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil edildi. Dövlətin sosial – iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı. 1918-ci il mart qırğınlarını, daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü. Hərbi nazirlik təsis edildi, Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar da Gəncədə atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü, hərbi nazirlik, hərbi zavod yaradıldı.

Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə, Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında “Əlahiddə Azərbaycan korpusu” yaradıldı.

Bu gün ölkəmizin aqrar sektorunu bilikli, bacarıqlı kadrlarla təmin edən Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi binası Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi iclaslara, verdiyi qərarlara şahidlik edib.

Beləliklə, Gəncə torpağında güc-qüvvə toplayan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il sentyabrın 17-də real bir qüvvə kimi Bakıya köçür və fəaliyyətini paytaxda davam etdirir. Azərbaycan Xalq Cümhuriyyəti çox ağır zamanlarda cəmi 23 ay ömür sürməsinə baxmayaraq böyük ideyaların əsasını qoyur. Müstəqillik itirilsə də, bu ideya xalqın qəlbində yaşayır, gələcəkdə yenidən müstəqiliyə qovuşmaq arzusu ilə çırpnır. O dövrdə atılan toxumlar öz bəhrəsini verməyə başlayır, Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevrilir.

Azərbaycan Xalq Cümhuriyyəti, tariximizə yazılan 23 ay... Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb” 1991-ci ildən yenidən öz müstəqilliyinə qovuşan Azərbaycanın müstəqillik tarixi 1993-cü ildən dönməz xarakter alır. Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirən, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın.

Təsadüfi deyil deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edildi. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin varisi müasir Azərbaycan Respublikasının müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi əbədidir, daimidir, dönməzdir.